...

Azercell-dən Mobil Göz Klinikası (FOTO)

Telekommunikasiya Materials 1 İyun 2011 17:16 (UTC +04:00)
"Azercell" daha bir orijinal layihəni istifadəyə verdi
Azercell-dən Mobil Göz Klinikası (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

"Azercell" daha bir orijinal layihəni istifadəyə verdi

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Müxtəlif sosial təşəbbüsləri dəstəkləyən "Azercell Telekom" MMC növbəti faydalı və orijinal layihəyə imza atıb. Azercell-in təşəbbüsü ilə Mobil Göz Klinikası istifadəyə verilir. Səyyar klinika məxsusi olaraq bu layihənin icrası üçün alınmış avtobusda fəaliyyət göstərəcək. Həmin avtobus gözlərin müayinəsinin aparılması üçün zəruri olan modern tibbi avadanlıqla təchiz olunub.

Layihənin təqdimat mərasimində çıxış edən Azercell-in mətbuat və nəşriyyat üzrə eksperti Fəxri Abbasov daim sosial layihələrə xüsusi önəm verdiyini qeyd edib. 14 il ərzində Azercell-in ölkədə sosial layihələrin icrasına təxminən 1,4 milyon ABŞ dolları xərcləndiyini deyən şirkət təmsilçisi bu istiqamətdə işlərin davam etdiriləcəyini söyləyib. Fəxri Abbasov Mobil Diş Klinikasının uğurunu xatırladaraq yeni yaradılan Mobil Göz Klinikasının da bu cür nümunəvi layihə olacağından əminliyini bildirib.

Layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin etməkdir. Azercell-in respublika miqyaslı bu təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri əhatə edəcək. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqlar, mütəxəssislər tərəfindən müayinə olunacaq, gözlərin qorunması üçün zəruri məsləhətləri alacaqlar.

Mobil Göz Klinikası Bakı başda olmaqla Azərbaycanın əksər rayonlarda uşaq və ahıllar evlərini, məktəbləri gəzəcək. Klinikanın olacağı yerlər barədə əvvəlcədən ətraflı məlumat yayılacaq. Layihənin icrası "Caspian Compassion Project" tərəfindən reallaşdırılır. Bu qurum Azercell tərəfindən alınan avtobusun təchizatı, həkimlərin seçimi, klinikanın marşrutlarının müəyyənləşdirilməsi ilə məşğul olur.

Qeyd edək ki, Azercell 2 il öncə Mobil Diş Klinikasını yaradıb. Azərbaycanda çox maraqla qarşılanan və populyarlaşan bu layihədən 2 minə yaxın uşaq yararlanıb. Azercell-in bu təşəbbüsü o qədər uğurlu oldu ki, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırdılar. Nəinki Azərbaycanda, hətta digər ölkələrdə də buna bənzər avtobuslar işə salındı.

Azercell-in uşaqların sosial rifahına yönəlmiş layihələri təkcə bu layihə ilə bitmir. Şirkətin dəstəyi ilə indiyə qədər həyata keçirilən layihələr sırasında Uşaq Qaynar Xəttinin yaradılmasını, "De! Dildən-dilə, eldən-elə" şeir və hekayə müsabiqəsini, "ÇƏK!", "Hər uşağın ailəyə ehtiyacı var", "Onlar da hədiyyə gözləyirlər..." layihələrini misal göstərmək olar. Bundan əlavə, Azercell artıq 14 ildir ki, "Ümid Yeri" Reabilitasiya Mərkəzinə dəstək göstərir.

Xəbər lenti

Xəbər lenti