...

Azercell Telekom "İlin şirkəti" seçildi

Telekommunikasiya Materials 31 Oktyabr 2011 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

"Azercell Telekom" MMC-nin uğurları sırasına daha bir mükafat əlavə olunub. Şirkət növbəti dəfə "Consulting and Business" jurnalının təsis etdiyi "İlin şirkəti" Milli biznes mükafatına layiq görülüb.

MMC-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, "Azercell" Azərbaycanda telekommunikasiya sahəsinin inkişafında həyata keçirdiyi təşəbbüslərinə görə sözügedən mükafatla təltif olunub. Mükafatın təqdimetmə mərasimi oktyabrın 28-də "Buta Palace"da baş tutub.

"Azercell" adından mükafatı şirkətin Müştərilərlə Əlaqələr Departamentinin direktoru Ruhiyyə Əliyeva qəbul edərək Azercell-in "İlin şirkəti" adına layiq görülməsindən olduqca məmnun olduğunu bildirib: "Mobil rabitə sahəsində bütün bu illər ərzində həyata keçirdiyimiz çoxsaylı innovativ layihələr inkişafda olan gənc müstəqil cəmiyyətə sözsüz ki, öz töhfəsini gətirmiş oldu. Son layihələrimizdən Qafqaz Universitetində tələbələr üçün təsis etdiyimiz 3G test laboratoriyası, Mobil Texnologiya kursları və Barama İnnovasiya Mərkəzinin fəaliyyəti, İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi Beynəlxalq Konfransına dəstəyimizi qeyd etmək istərdim. Biz həm də media nümayəndələri üçün hər il təşkil etdiyimiz dil və peşə kursları, Sosial Məsuliyyət sahəsində bilgilər, müxtəlif şirkətlər, həmçinin, fiziki qüsurlu vətəndaşlar üçün Müştəri Xidmətləri sahəsində təşkil etdiyimiz kurslarla cəmiyyətin inkişafına da öz təsirimizi göstərmiş oluruq".

Ruhiyyə Əliyeva Azercell Telekom-un uğurlu fəaliyyətinin nəticəsi kimi, şirkətin bir sıra beynəlxalq mükafatlara layiq görüldüyünü də vurğulayıb. "Bunların içərisində Avropa Biznes Assosiasiyasının təqdim etdiyi Ən Qabaqcıl Telekom şirkəti nominasiyasında mükafatı, Oksford Liderlər Sammitində təqdim olunan "Socrates" və Sosial Məsuliyyət sahəsində yenicə aldığımız "Stievie" mükafatlarını qeyd etmək istərdim", - deyən Müştərilərlə Əlaqələr Departamentinin direktoru sonda Azercell-in bu mötəbər mükafata layiq görülməsindən böyük məmnunluq duyduğunu və şirkətin gələcəkdə də Azərbaycan əhalisini yeni-yeni texnoloji yeniliklərlə sevindirməkdə davam edəcəyinə əmin olduğunu bildirib.

Məlumat üçün bildirək ki, "İlin şirkəti" Milli mükafatını "Minimax Media Holding" tərəfindən nəşr olunan aylıq "Consulting & Business" aparıcı analitik informasiya jurnalı 2006-cı ildə təsis edib. Mükafat hər il ölkənin ayrı-ayrı sahələri üzrə fərqlənən və uğur qazanan şirkətlərə təqdim olunur.

Xəbər lenti

Xəbər lenti