Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir H.Vəliyev/
3G üçüncü nəsil şəbəkəsinin işə salınması məqsədilə tezliklərin azad edilməsi vacibdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azercell Telecom" şirkətinin prezidenti Əli Ağan mətbuat brifinqində deyib.
Onun sözlərinə görə, hazırda 3G-nin yerləşdirilməsi üçün Azercell-ə təqdim edilən tezliklər B&BTV (kabel televiziyası operatorı) şirkətindədir.
"Dövlət Radiotezliklər İdarəsinin 3G-nin yerləşdirilməsi üçün lazımi tezliklərin (2100 meqahers) ayrılması barədə qərarına baxmayaraq, bu şirkət (B&BTV) indiyə qədər onları azad etməyib. Güman edirəm ki, tezliklər ikinci müraciətdən sonra azad edilməsə, bu məsələ məhkəmə yolu ilə həll ediləcək", - Ağan bildirib.
3G-nin yerləşdirilməsi məsələsinə toxunan şirkətin rəhbəri qeyd edib ki, "Azercell" artıq dörd ildir bu standartda rabitəni təqdim etməyə hazırdır.
Onun sözlərinə görə, şəbəkə kommersiya istismarına buraxıldıqdan sonra abunəçilər mövcud SİM-kartları dəyişdirməyə ehtiyac duymayacaqlar. Maliyyə baxımından 3G məlumat ötürmə xidmətlərinin ciddi şəkildə enməsinə səbəb olacaq.
"Daha müasir rabitə standartı olan 4G (LTE) xidmətlərini göstərmək üçün əlavə lisenziyaya, eləcə də yeni tezliklərə ehtiyac var" - Ağan deyib.
Çərşənbə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azercell" və "Bakcell" mobil rabitə operatorlarına 3G xidmətlərinin göstərilməsi üzrə lisenziya verib.
Bu barədə qərar Nazirlikdə keçirilən kollegiya iclasının yekunları üzrə qəbul edilib.
Hazırda 3G standartında rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız "Azerfon" şirkəti malikdir. İki digər operator dəfələrlə bu standartda xidmətlər göstərməyə hazır olduğunu və bunun üçün bütün lazımi infrastruktura malik olduğqlarını bəyan ediblər.
Habelə hər üç mobil operatora ən yeni 4G (LTE) mobil rabitə nəslinin tətbiqi üzrə təklifləri təqdim etmək tövsiyə olunub.