Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir H.Vəliyev/
"Aztelekom" İstehsalat Birliyinin Masallı Telekommunikasiya Qovşağında (TKQ) telekommunikasiya avadanlığının instalyasiyası üzrə işlər dekabrın sonunadək başa çatacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
Qurumun məlumatına görə, TKQ gələcək nəsil şəbəkəsi (NGN - Next Generation Network) əsasında tikilir.
Telekommunikasiya avadanlığının təchizatçısı qismində Çinin "Huawei Technologies" şirkəti çıxış edir. TKQ-nin yenidən qurulması operatora nömrə tutumunu 10 min ədədə qədər artırmağa imkan verəcək. NGN şəbəkəsinə keçid prioritet vəzifələrdən biridir. Onun köməyi ilə operator uzunmüddətli perspektivdə yeni xidmət seqmentində artımı stimullaşdırmaq niyyətindədir.
Yeni sistem operatora ənənəvi rabitə xidmətləri ilə yanaşı, IP-telefoniya, genişzolaqlı internet və IP-TV xidmətləri göstərməyə imkan verəcək.
Hazırda ATS operatoru şəbəkəsində fəaliyyət göstərən qovşaqların 21 faizindən çoxu gələcək nəsil şəbəkəsi əsasında tikilib. Operatorun proqnozlarına əsasən, ilin sonuna qədər "Aztelekom" İB-nin ümumi istifadədə olan telefon şəbəkəsində NGN-in payı 24 faizə çatacaq.