Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Bakı şəhərində sabit telefon şəbəkəsində vaxta görə ödəniş sisteminin tətbiqini nəzərdə tutan təkliflər paketini geri götürüb. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin mətbuat katibi Müşfiq Əmirov deyib.
"Ölkə əhalisinin Rabitə Nazirliyinin təklifinə münasibəti nəzərə alınaraq, biz mövcud məsələni gündəmdən götürməyi məqsədəuyğun hesab etdik. Bununla bağlı öz təklifimizi geri götürmək məqsədilə rəsmən Tarif Şurasına müraciət etdik", - Əmirov bildirib.
Mətbuat katibinin sözlərinə görə, ola bilsin ki, gələn il bu məsələnin müzakirəsi bərpa edilsin. "Lakin vaxt hesabı ilə ödənişin tətbiqi məqsədəuyğun sayılmır", - Əmirov qeyd edib.
Hazırda Azərbaycanın bütün telefon şəbəkəsi elektron varianta keçirilib. Buna əsaslan nazirlik dünya praktikasına uyğun olaraq, telefon danışıqlarına görə vaxt hesabı ilə ödəniş sisteminin tətbiqi təklifi ilə çıxış etmişdi.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında "Bakı Telefon Rabitəsi" İsrtehsalat Birliyinin (İB) baş direktoru Beytulla Hüseynovun əvvəl Trend-ə dediyinə görə, İB-nin baxılmaq üçün Tarif Şurasına təqdim etdiyi vaxt hesabı ödəniş sistemi iki variantı nəzərdə tutur.
Birinci paket iki manat həcmindəki mövcud aylıq abunə ödənişinin saxlanmasını nəzərdə tutur ki, bura 450 dəqiqə limiti daxil ediləcək. Bu, daxil olan zənglərə, lakin göndərilən zənglər nəzərə alınmaqla ümumilikdə 900 dəqiqə təşkil edirdi.
Danışıqların əlavə dəqiqələrinin qiyməti 0,01 manata başa gələcək.
Beş manat dəyərində olan ikinci paket telefon rabitəsindən limitsiz istifadəni nəzərdə tutur. Bununla yanaşı, abunəçilərə əlavə üstünlüklər təqdim ediləcək. Bunlar genişzolaqlı internetə avtomatik qoşulma, multimedia xidmətlərindən və s. pulsuz istifadədir.
Dekabrın 14-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.