Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir H.Vəliyev/
Finlandiyanın mobil telefon istehsalçısı "Nokia" ümumi istifadə üçün Azərbaycanın naviqasiya xəritəsinin beta-versiyasını təqdim edib. Bu barədə cümə axşamı Trend-ə "Mobitel" ("Nokia" şirkətinin Azərbaycandakı rəsmi distribüteri) şirkətindən məlumat veriblər.
Azərbaycanın naviqasiya xəritəsinin rəsmən tam funksional rejimdə 2012-ci ilin martında işə salınması gözlənilir. Hazır əlavələri "Nokia Store" mağazasında yükləmək olar.
"Mobitel" şirkətindən əvvəl verilən məlumata görə, məhsulun test sınaqları sentyabrda başlayıb.
Azərbaycanın naviqasiya xəritəsində magistral yollar və yaşayış məntəqələri göstərilib.
"Nokia Maps" proqramı marşrutların salınması üzrə imkanlar təqdim edir.
"Nokia Maps" kartoqrafik şəbəkəsi pulsuz təqdim edilir. O, şəhərlərin xəritələri və sxemlərinin yüklənməsi, eləcə də yol nöqtələri kimi nişanlanması mümkün olan baxımlı yerlər haqqında məlumatın saxlanması və verilməsi üçün istifadə edilir. Xəritələrlə və marşrut hesablaması üzrə iş funksiyaları pulsuzdur. Şəbəkə opreatoru məlumat ötürməyə görə ödəniş ala bilər.
"Mobitel" şirkətindən bildiriblər ki, "Nokia Maps" kartoqrafik şəbəkəsinin işə salınmasından sonra Azərbaycanın mobil operatorları ilə birgə aksiyaların keçirilməsi planlaşdırılır.