...

BMT Azərbaycana kosmik məkandan istifadə üzrə sazişlərə qoşulmağı tövsiyə edir

Telekommunikasiya Materials 23 Fevral 2012 14:23 (UTC +04:00)
Azərbaycanın BMT-nin COPUOS komitəsinin (Committee on the Peaceful Uses of Outer Space) daimi üzvlüyü statusu alması ilə əlaqədar qurum ölkəyə kosmik məkandan dinc məqsədlər üçün istifadəyə dair beş sazişə qoşulmağı tövsiyə edib.
BMT Azərbaycana kosmik məkandan istifadə üzrə sazişlərə qoşulmağı tövsiyə edir

Azərbaycan, Bakı, 23 fevral / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın BMT-nin COPUOS komitəsinin (Committee on the Peaceful Uses of Outer Space) daimi üzvlüyü statusu alması ilə əlaqədar qurum ölkəyə kosmik məkandan dinc məqsədlər üçün istifadəyə dair beş sazişə qoşulmağı tövsiyə edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Bu məsələ Azərbaycanın nümayəndə heyətinin Avstriyaya səfəri (21-22 fevral) çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbəri Əli Abbasovla BMT-nin Kosmik məkanın problemləri üzrə Agentliyinin (UN Office for Outer Space Affairs - UNOOSA) başçısı Mazlan Otmanla görüşü zamanı müzakirə olunub.

COPUOS komitəsinin və onun hüquqi alt komitəsinin fəaliyyəti BMT Baş Assambleyasında indiyədək qüvvədə olan beş sənədin qəbul edilməsinə imkan verib:

- Dövlətlərin Ay və başqa göy cisimləri daxil olmaqla, kosmik məkanının tədqiq və istifadəsi üzrə fəaliyyət prinsipləri haqqında;
- Kosmik məkana buraxılan kosmonavtların xilas edilməsi, kosmonavtların və obyektlərin qayıdışı haqqında saziş;
- Kosmik obyektlərə vurulan ziyana görə beynəlxalq məsuliyyət haqqında konvensiya;
- Kosmik məkana buraxılan obyektlərin qeydiyyatı haqqında konvensiya;
- Dövlətlərin Ay və başqa göy cisimlərində fəaliyyətləri haqqında saziş.

Sadalanan hüquqi sənədlərdə bütün ölkələrin maraqlarında olan kosmik tədqiqatların aparılması, qəzalar və məcburi enişlər zamanı kosmik gəmilərin ekipajına kömək göstərilməsi, onların Yer səthinə vurulan ziyana görə məsuliyyəti, kosmik obyektlərin reyestrinin aparılması və buraxılan obyektlər haqqında məlumatların BMT-yə təqdim olunmasını nəzərdə tutur. "Ay haqqında saziş" Aya və başqa göy cisimlərinə dair prinsipləri daha konkret inkişaf etdirir və həmin göy cisimlərində gələcək tədqiqatlar və təbii resursların istismarı üçün əsasları müəyyən edir.

Komitənin və onun hüquqi alt komitəsinin gördüyü işlər əsasında Baş Assambleya habelə kosmik fəaliyyətin həyata keçirilməsi prinsiplərini də hazırlayıb. Onların arasında dövlətlərin beynəlxalq televiziya yayımı üçün Yer kürəsinin süni peyklərindən istifadəsi prinsipləri, kosmik məkanda nüvə enerjisi mənbələrindən istifadə, bütün dövlətlərin xeyrinə kosmik məkandan istifadədə beynəlxalq əməkdaşlıq haqqında Bəyannamə və Yerin məsafədən zondla tədqiq edilməsinə aid olan prinsiplər yer alır.

Xəbər lenti

Xəbər lenti