Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir H.Vəliyev/
Dünya İqtisadi Forumu (World Economic Forum - WEF) Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) tikintisi layihəsinin reallaşdırılmasında beynəlxalq dəstəyin qazanılmasına yardım edib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov WEF çərçivəsində keçirilən panel iclasının işində TASİM layihəsini təqdim edib.
Nazirliyin məlumatına görə, Çin Xalq Respublikasının Tianszin şəhərində keçirilən Dünya İqtisadi Forumunun panel iclasının iştirakçıları TASİM magistralının tikintisi üzrə layihəyə maraq göstəriblər.
İştirakçılar gələcəkdə üzv ölkələrin, o cümlədən maraqlı tərəflərin bu layihələrin reallaşmasında səylərini artıracağını da nəzərə çatdırıblar.
Əli Abbasov Azərbaycanda İKT sahəsində görülən işlər, region əhəmiyyətli digər layihələr, vətəndaş-sahibkar münasibətlərində "Elektron hökumət", BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumu, "Bakutel" sərgi-konfransı barədə danışıb.
Forum çərçivəsində yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqi, innovativ sahibkarlıq, İKT-nin inkişafı, qlobal informasiya təhlükəsizliyi məsələsi, innovativ texnologiyaların qlobal iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi mövzular müzakirə edilib.
Tədbir çərçivəsində nazir Əli Abbasov Estoniyanın iqtisadiyyat və rabitə naziri Yohan Parts, ABŞ Milli Təhlükəsizlik Departamentinin müavini Tara O'tool, Nigeriyanın rabitə naziri Omobola Conson, "Microsoft" şirkətinin vitse-prezidenti Stiven Kroun, Çinin peyk sənayesi üzrə aparıcı şirkəti "China Great World Industry" korporasiyasının prezidenti Yin Liminq, "Kasperskiy" şirkətinin prezidenti Yevgeni Kasperskiy, Ümumdünya İnternet Cəmiyyətinin prezidenti Lin Amur, BMT-nin İnkişaf Proqramı rəhbərinin müavini Rebeka Qrinspan, Dünya İqtisadi Forumunun telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sənaye departamentinin rəhbəri Alan Markusla da ikitərəfli görüşlər keçirib.