...

Azərbaycan məktəblərinə yeni tədris ilində 38 mindən çox personal kompüter verilib

Telekommunikasiya Materials 18 Sentyabr 2012 15:21 (UTC +04:00)
"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinə 38 417 ədəd personal kompüter verilib.
Azərbaycan məktəblərinə yeni tədris ilində 38 mindən çox personal kompüter verilib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir H.Vəliyev/

"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinə 38 417 ədəd personal kompüter verilib. Bu barədə çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib.

Onların ümumi sayından 3209 ədədi noutbukdur. Habelə tədris müəssisələri 3209 ədəd proyektor və 300-ə yaxın interaktiv lövhələrlə təchiz edilib.

Hazırda 4522 ümumtəhsil məktəblərinin 83 faizi, 110 texniki-peşə müəssisələrinin 84 faizi və 56 dövlət orta ixtisas təhsil müəssisələri kompüter avadanlığı ilə təmin olunub. Orta təhsil müəssisələrində 20 şagirdə 1 kompyuter, dövlət ali məktəblərində isə hər 28 tələbəyə 1 kompüter düşür.

2012-ci ilin sonunadək Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin ümumi sayının 1700-ə, "Elektron məktəb" layihəsi üzrə təhsil müəssisələrinin sayının isə 50-yə çatdırılması nəzərdə tutulub.

"1 şagird: 1 kompüter" layihəsi üzrə 2012-ci ilin sonunadək məktəblərə əlavə 200 netbuk veriləcək. Bu günədək "Elektron Məktəb" layihəsinə daxil olan 15 ümumtəhsil müəssisələrinə "1 şagird: 1 kompüter" layihəsi çərçivəsində 2000-dən çox netbuk və simsiz genişzolaqlı, filtrasiyalı internetə çıxış imkanına malik olan USB tipli modemlər verilib.

2012-ci il tədris ilində kadr potensialı hazırlığı istiqamətində 13 890 inzibati-idarəetmə və pedaqoji heyətin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimlər keçiriləcək. Regionların orta ümumtəhsil məktəblərinin 2000 nəfər texniki heyəti üçün Məlumat Toplama Mərkəzindən istifadə üzrə təlimlər təşkil olunacaq.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədilə müəllimlər, şagirdlər və valideynlər üçün İKT avadanlıqlarından və texniki vəsaitlərdən istifadəyə dair 250 ədəd metodik vəsait hazırlanıb. Bu layihə çərçivəsində distant təlimə əlavə şagirdlərin cəlb olunması və onların zəruri texniki avadanlıqla, o cümlədən netbuklarla təminatı nəzərdə tutulub.

Video texnologiyaların tədris prosesində daha geniş istifadəsi üçün "Tehsil.tv" video portalının yaradılması və onlayn video resurslarının yerləşdirilməsi üzərində işlər aparılır. Həmçinin, elektron tədris resursları sahəsində "Young Digital Planet" şirkətinin "Universal Kurrikulum" platforması üzrə elektron dərslərin hazırlanması və "Intel" şirkətinin www.skoool.az portalının adaptasiyası planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti