...

Azərbaycanda Hökumət Ödəniş Portalı yaradılır

Telekommunikasiya Materials 26 Sentyabr 2012 14:13 (UTC +04:00)
Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) bazasında Hökumət Ödəniş Portalı (HÖP) yaradılır. Trend-in məlumatına görə, bu barədə SINAM şirkətinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycanda Hökumət Ödəniş Portalı yaradılır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir H.Vəliyev/

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) bazasında Hökumət Ödəniş Portalı (HÖP) yaradılır. Trend-in məlumatına görə, bu barədə SINAM şirkətinin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Hökumət Ödəniş Portalının Yaradılması" layihəsi Azərbaycan Mərkəzi Bankının sifarişi ilə CMA Small System və SINAM şirkətləri tərəfindən həyata keçirilir.

Hökumət Ödəniş Portalının yaradılmasının əsas məqsədi respublika iqtisadiyyatında nağdsız ödənişlər dövriyyəsinin genişləndirilməsi, büdcə ödənişləri prosesinin sadələşdirilməsi, həmçinin "elektron hökumət"in yaradılması çərçivəsində reallaşdırılan layihələrin milli ödəniş sisteminin infrastrukturu ilə inteqrasiyasıdır. Sözügedən layihə çərçivəsində hazırkı KÖMİS sisteminin texniki platfromunun təkmilləşdirilməsi, həmçinin ölkədə həyata keçirilən "elektron hökumət" konsepsiyası çərçivəsində yeni funksional imkanlarının yaradılması planlaşdırılır.

KÖMİS sistemi 2008-ci ildən müvəffəqiyyətlə işləyir və hal-hazırda kommunal ödənişlərin (elektrik enerjisi, qaz, su), yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin, sosial sığorta ödənişlərinin, həmçinin vergi ödənişlərinin qəbulunu həyata keçirir.

Mərkəzi Bankın klirinq sistemi ilə inteqrasiya sayəsində ödənişlər real zaman rejimində həyata keçirilir. Sözügedən sistem vasitəsilə ödənişlər bütün sistemə qoşulmuş bank və "Azerpoçt" şöbələrində, həmçinin plastik bank kartlarılə bankomatlarda də qəbul olunur. Bundan əlavə, internetlə də, yəni apus.az saytı vasitəsilə də məsafədən ödəniş etmək imkanı mövcuddur.
Sistem həmçinin o baxımdan da rahatdır ki, burada ödənişlərin arxivinə nəzər yetirmək və ödəniş qəbzlərini çap etmək olar. Burada həmçinin ödəniş qəbzlərinin vergi ödəyicisinin elektron ünvanına göndərilməsi funksiyası da mövcuddur.

apus.az saytındakı məlumata əsasən, bu günə kimi KÖMİS sisteminə 58 qurum qoşulub ki, onlardan da 46-sı maliyyə təşkilatlarıdır. Onlar ümumi sayı 1,7 mindən çox olan filiallarında sözügedən xidmətlər üzrə ödənişləri qəbul edir. Sistemə 4 milyondan çox abunəçi haqqında məlumat yüklənib; qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 65 minə çatıb. Hər ay sistem vasitəsilə orta hesabla 42 milyon manat məbləğində 2 milyondan çox ödəniş həyata keçirilir. Statistikaya əsasən, sistemin işə başladığı andan 53 milyondan çox ödəniş tranzaksiyası həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti