Azərbaycan, Bakı, 10 dekabr /Trend/
Bu ilin noyabr ayında 10 mindən çox internet istifadəçisi İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən istifadə edib. Trend-in məlumatına görə, b barədə İqtisadi İnkişaf Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.
Portala müraciət edənlərin 250-ə yaxını Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Çexiya, Lüksemburq, Fransa, Avstriya, Danimarka, Belarus, Qətər, Norveç, Qazaxıstan, Cənubi Koreya, Kanada, Hollandiya, İspaniya, İsveçrə kimi ölkələrdəndir. Ümumilikdə isə, 2012-ci ilin mart ayından fəaliyyətə başlayan portaldan indiyədək 62 minə yaxın internet istifadəçisi yararlanıb.
Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Təkcə noyabr ayında 5 mərkəzi icra hakimiyyəti orqanının 34 qanunvericilik aktlarının layihələri www.icazeler.gov.az portalında yerləşdirilib.
İnternet istifadəçiləri tərəfindən maraqla izlənilən www.icazeler.gov.az portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlar, bu fəaliyyətə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.