Azərbaycan, Bakı, 6 may /Trend, müxbir H.Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhalinin aztəminatlı təbəqələrinə dekoderlərin pulsuz verilməsi məsələsi ilə bağlı təkliflər hazırlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.
Abbasovun sözlərinə görə, artıq payızda təkliflər hazırlanaraq baxılmaq üçün Nazirlər Kabinetinə təqdim oluna bilər.
"Vətəndaşların rəqəmli paketə baxış üçün qurğularla tam təmin olunması əsas vəzifədir. Bu gün həmin qurğuları açıq satışda əldə etmək mümkündür. Onlar əhalinin kasıb təbəqələrinə pulsuz veriləcək",- nazir bildirib.
Nazirin sözlərinə görə, əhalinin 100 faiz rəqəmsal TV siqnalı ilə təmin olunması, həmçinin sosial paketlə yanaşı digər TV paketlərin işə salınması əhəmiyyətli məsələdir.