...

“AzerTelecom” Mobil Dünya Konqresində iştirak edib

Telekommunikasiya Materials 7 Mart 2018 13:08 (UTC +04:00)
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” şirkətinin rəhbərliyi İspaniyanın Barselona şəhərində 26 fevral - 1 mart tarixlərində keçirilmiş GSMA Mobil Dünya Konqresində (GSMA World Mobile Congress) iştirak edib.
“AzerTelecom” Mobil Dünya Konqresində iştirak edib

Bakı. Trend:

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” şirkətinin rəhbərliyi İspaniyanın Barselona şəhərində 26 fevral - 1 mart tarixlərində keçirilmiş GSMA Mobil Dünya Konqresində (GSMA World Mobile Congress) iştirak edib.

Trend-in məlumatına görə, “AzerTelecom” MMC-nin Baş icraçı direktoru Fuad Allahverdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mobil Dünya Konqresində iştirak etməsində məqsəd informasiya və kommunikasiya texnologiyaları sahəsində ən müasir trendlər, çağdaş texnoloji yeniliklərlə tanış olmaq, iri telekommunikasiya şirkətlərinin rəhbərləri və nümayəndələri ilə işgüzar görüşlər keçirmək olub.

Keçirilmiş görüşlərdə internet texnologiyaları, rəqəmsallaşma, IoT (İnternet of Things - Əşyaların interneti), M2M (Machine-to-Machine– Maşınlararası əlaqə), Fintech (Maliyyə texnologiyaları) kimi mövzular müzakirə edilib, xarici tərəfdaşlarla əlaqələrinin genişləndirilməsi və birgə fəaliyyət perspektivləri barəsində faydalı fikir mübadiləsi aparılıb.

“GSMA” Mobil Dünya Konqresində kontent və media, 4-cü sənaye inqilabı, gələcəyin xidmət təminatçıları, şəbəkə, rəqəmsal istehlakçı, cəmiyyətdə texnologiya, innovasiya, tətbiq olunan süni intellekt kimi mövzularda müxtəlif tədbirlər keçirilib, müxtəlif dövlət qurumları, özəl və beynəlxalq təşkilatların nümayəndələri mobil rabitə sektorunun inkişaf perspektivlərini müzakirə ediblər. Konfransda “GSMA”, “Ericsson”, “Deutsche Telecom”, “Airobotics”, “TATA Communications”, “IBM”, “HTC”, “Avropa Komissiyası”, “Dünya Bankı”, “China Mobile” və s. kimi qurumların rəhbərləri və nümayəndələri əsas spiker qismində çıxış ediblər.

“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Daha ətraflı məlumatı şirkətin www.azertelecom.az internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (www.linkedin.com/company/azertelecom.az) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti