Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Malayziya, ABŞ və Ukraynada "İnformasiya və kommunikasiya texnologiyaları" ixtisası üzrə (bakalavr dərəcəsi) təhsil almaq istəyənlər üçün müsabiqə keçirir. Trend in Nazirliyə istinadən xəbər verdiyi kimi, təhsil almaq üçün ABŞ-ın Corc Meyson universitetində 3, Malayziyanın Texnologiya Universitetində 2, Odessanın Rabitə Akademiyasında isə 5 yer ayrılıb.
Əsas tələblər: Azərbaycan vətəndaşlığı, yüksək səviyyədə ingilis (TOEFL sertifikatı) və rus dillərinə (Odessada təhsil almaq üçün) yiyələnmə. Müsabiqədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəblərə keçirilmiş qəbul imtahanlarında 400-dən çox bal toplamış abituriyentlər və tələbələr iştirak edə bilər.
Müsabiqədə iştirak etmək üçün sənədlər sentyabrın 15-dən gec olmayaraq təqdim edilməlidir.