Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda turizm mövsümünün karantindən sonra başlaması nəzərdə tutulur.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanda mayın 31-də karantinin bitməsi haqqında qərar qəbul edilərsə, iyunun 1-i Azərbaycanda yeni turizm mövsümünə başlanılacaq.
Ötən dövr ərzində turizm sənayesini qoruyub saxlamaq üçün işlərin aparıldığını deyən K.Quluzadə Azərbaycan turizminin hər an yeni başlanğıca hazır olduğunu söyləyib:
“Hazırkı psixoloji durum elədir ki, insanlar ilk dövrlərdə öz ölkəsindən kənara getmək istəməyəcəklər, xaricə gedib-gələnlərin sayı azalacaq. İnsanlar getdikləri yerdə öz sağlamlıqlarına daha çox diqqət edəcəklər. Ona görə də biz öz turizmimizi məhz o kriteriyalara uyğun hazırlayırıq”.
K.Quluzadə əlavə edib ki, karantin dövrü bitdikdən sonra daxili turizmin inkişafı üçün “Macəra yaxındadır” kampaniyası bərpa ediləcək.
Turizmin yeni mərhələsinin yeni kriteriyalarla olacağını da nəzərə çatdıran DTA rəsmisi bildirib ki, postkarantin dövründə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanan Sanitariya və Gigiyena Metodları və Normaları Proqramına (SAHMAN - Sanitation and hygiene methods and norms) cəlb edilən hotellər, yerləşdirmə obyektləri, iaşə obyektləri, turistlərə xidmət göstərən nəqliyyat vasitələrində proqramın kriteriyaları tətbiq ediləcək.