Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm inkişaf strategiyası hazırlanır.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, hazırda Şuşanın turizm konsepsiyası üzərində də iş aparılır. Azad edilmiş ərazilərin turizm sənayesi ilə bağlı müxtəlif marşrutlar, layihələr, məhsullar hazırlanır.
Agentlik rəsmisi qeyd edib ki, 2021-ci ildə Qarabağın yeni turizm destinasiyası kimi təqdim edilməsi hədəflər sırasındadır:
“Hesab edirik ki, Qarabağ destinasiyası ilk növbədə daha çox daxili turistlər, Azərbaycan diaspor nümayəndələri üçün maraqlı olacaq. Bu istiqamət təbii ki, ərazilərdə təhlükəsizliyin təminindən sonra vacib olacaq".