...

Çin ABŞ-nin İranın nüvə obyektlərinə aviazərbələrini pisləyib

Turizm Materials 23 İyun 2025 00:13 (UTC +04:00)
Çin ABŞ-nin İranın nüvə obyektlərinə aviazərbələrini pisləyib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi aviazərbələri kəskin şəkildə pisləyib.

Trend xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən səfir Fu bu hərəkətləri BMT Nizamnaməsinin, beynəlxalq hüququn, eləcə də İranın suverenliyi və ərazi bütövlüyünün pozulması kimi dəyərləndirib.

O bildirib ki, bu addımlar Yaxın Şərqdə gərginliyi daha da artırıb və beynəlxalq nüvə silahlarının yayılmaması rejiminə ciddi zərbə vurub.

"Çin dərhal atəşkəsə və hərbi əməliyyatların dayandırılmasına çağırır", – deyə səfir vurğulayıb.

Fu Konq qeyd edib ki, bütün tərəflər, xüsusilə də İsrail, münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün təcili şəkildə atəşi dayandırmalıdır. O, beynəlxalq hüquqa hörmət göstərməyə və bölgədə gərginliyi azaltmağa çağırıb.

Çinli diplomatın sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı diplomatik səylər hələ tükənməyib və məsələnin sülh yolu ilə həllinə ümid var. Fu hər iki tərəfi dialoqa qayıtmağa və hər kəs üçün məqbul olan razılaşma istiqamətində birgə işləməyə çağırıb.

O, eyni zamanda BMT Təhlükəsizlik Şurasının böhranın həllində fəal rol oynamalı olduğunu və vəziyyətin sabitləşdirilməsi üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti