Bakı. Trend:
Almaniyanın Brandenburq əyalətində Rostok–Şvedt istiqamətində neft kəmərində ciddi qəza baş verib.
Trend xəbər verir ki, qəza nəticəsində ətrafa böyük həcmdə neft yayılıb və borudan sızan neft 25 metr hündürlüyə çatıb.
Yüksəktəzyiqli neft fontanı nəticəsində iki işçi xəsarət alıb. Polis hadisənin terror aktı olmasını istisna edib. Qəzanın boru kəmərində aparılan tikinti işləri zamanı baş verdiyi ehtimal olunur.
Hadisə yerinə yanğınsöndürmə və təhlükəsizlik qüvvələri göndərilib, sızmanın qarşısının alınması istiqamətində tədbirlər görülür. Hazırda qəzanın səbəbləri və dəyən ziyanın miqyası araşdırılır.
