İranın milli təhlükəsizlik naziri bildirib ki, oktyabrın 18-də ölkənin Bəluçistan əyalətində baş vermiş terror aktında Pakistan kəşfiyyat orqanının (İSİ) əli var.
İranda 41 vətəndaş, o cümlədən İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) iki generalının ölümü ilə nəticələnən terror aktı ilə bağlı məsuliyyəti Cundollah şəbəkəsi öz üzərinə götürüb.
İranın Təhlükəsizlik Nazirliyinin (Ettelaat) rəhbəri ayətullah Heydər Müslihi bildirib ki, İSİ-ın Cundollah şəbəkəsilə əməkdaşlığı haqda yetərincə sübut var, bu haqda İLNA agentliyi məlumat yayıb.
Müslihi konkret olaraq, sübutların nədən ibarət olduğunu açıqlamayıb.
Oktyabrın 19-da İran Prezidenti Mahmud Əhmədinejad və pakistanlı həmkarı Əli Zərdari bu hadisə ilə bağlı telefon söhbəti ediblər. Zərdari bu hadisəni pisləyərək, Pakistanın Cundollah şəbəkəsilə əməkdaşlığını rədd edib.
İran bu hadisə ilə bağlı ABŞ və Britaniyanı da günahlandırır.