Dalğa Xatınoğlu, Trend-in Fars redaksiyasının rəhbəri
İranın əmək və ictimai işlər üzrə naziri Əbdülrza Şeyxülislami bildirib ki, evdə iş şəraiti yaratmaq, başqa sözlə, ofis yerinə evdə işləmək və qazanc əldə etmək planı çərçivəsində 2011-ci ildə 100 milyon dollar vəsait ayrılıb.
İran Prezidenti Mahmud Əhmədinejad ölkədə son bir ildə (İranda yeni il martın 21-də başlayır) 1 600 000 yeni iş yeri açıldığını bildirib, həmçinin cari ildə 2,5 milyon yeni iş yeri yaradacağını vəd edib.
İranda hazırda 75 milyon əhali yaşayır və əksər hissəsini gənclər təşkil edir. Rəsmi statistikaya əsasən, ildə 900 min gənc əmək yaşına çatır, yəni, yalnız əmək yaşına çatanları işlə təmin etmək üçün ildə minimum 900 min yeni iş yeri yaradılmalıdır.
Rəsmi statistikaya əsasən, ölkədə hazırda işsizlik 14,5 faizdir. Həmin statistikada həftədə bir saat işləyənlər, tələbələr, evdar qadınlar və əsgərlər də işlə təmin olunmuşların siyahısına daxil olub. Qeyri-rəsmi statistikalarda işsizliyin 25-30 faiz təşkil etdiyi bildirilir.
İranın 20 illik İnkişaf Planında qeyd olunub ki, ildə bir milyon yeni iş yerinin yaradılması üçün ölkənin illik iqtisadi inkişafı minimum 8 faiz təşkil etməlidir.
Əhmədinejad hakimiyyəti bir neçə ildir ki, iqtisadi inkişafın statistikasını açıqlamadan imtina edir və beynəlxalq mənbələr, o cümlədən Beynəlxalq Valyuta Fondu 2009-cu il üçün İranın ÜDM artımını 1,1 və 2010-cu il üçün 1,6 faiz səviyyəsində elan edib, başqa sözlə, İranın iqtisadi inkişafı son iki ildə 1,5-2 faiz təşkil edir. 2 faiz iqtisadi inkişafla 1 600 000 yeni iş yerinin necə yaradıldığı isə məlum deyil.
Sabiq prezident Məhəmməd Xatəminin hakimiyyəti dövründə İranda orta hesabla, illik 5 faiz iqtisadi inkişafla, 600 min yeni iş yeri yaradılmışdı.
Əhmədinejad beynəlxalq iqtisadi sanksiyalara məruz qalmış ölkədə işsizlik problemini aradan qaldırmaq üçün indiyədək bir çox layihələr həyata keçirib, o cümələdən bankları sahibkarlara 28 milyard dollar məbləğində kredit verməyə məcbur edib. 2005-ci ildən 2009-cu ilədək davam edən "Erkən səmərə verən iş yerlərinin yaradılması" adlı bu plan öz bəhrəsini verməyib, 3 il müddətində İranda işsizliyin səviyyəsi mütəmadi şəkildə artıb. Rəsmi statistikaya əsasən, işsizliyin səviyyəsi 2008-ci ildə 11,1, 2009-cu ildə 14,1 və 2010-cu ilin sonu - yeni ilin başlanğıcında isə 14,6 faiz olub.
Bəzi vətəndaşlar banklardan götürdükləri kreditləri qaytara bilməyiblər. Son statistikalara əsasən, hazırda banklar əhaliyə verdikləri 48 milyard dollar məbləğində krediti geri qaytara bilmirlər. İranın "Bank və Kredit" xəbər agentliyinin bir həftə bundan əvvəl yaydığı məlumata əsasən, hazırda 7 milyon nəfərdən çox, aldığı krediti banklara qaytara bilmir.
"Erkən səmərə verən iş yerlərinin yaradılması" əslində, işsizləri işlə təmin etməyib, üstəlik onları banklara borclu çıxardıb.
2005-ci ildən 2009-cu ilədək "Erkən səmərə verən iş yerlərinin yaradılması" planı çərçivəsində ümumilikdə, 900 min yeni iş yeri yaradılıb.
Hələlik Şeyxülislaminin evdə iş şəraiti yaratma planının detalları barədə məlumat yoxdur. "Erkən səmərə verən iş yerlərinin yaradılması" planı 28 milyard dollar vəsaitlə işsizliyi aradan qaldıra bilmədiyi halda, 100 milyon dollarla həyata keçirilən yeni planın bu problemi necə aradan qaldıracağı sual altındadır.