Azərbaycan, Bakı, 23 may /Trend, müxbir A.Tağıyeva/
Məlum səbəblərə görə İraqla Azərbaycan arasında əlaqələrin böhran dövründən sonra indiki məqamda bu münasibətlər inkişaf etmiş və çox ümidvericidir. Bu barədə İraqın Azərbaycandakı səfiri Heydər əl-Bərrak Trend-ə müsahibəsində bildirib.
"Hazırkı məqamda iki ölkə arasındakı münasibətlərdə fəallıq müşahidə olunur", - əl-Bərrak bildirib.
Səfirin sözlərinə görə, İraqla Azərbaycan arasında bir çox, xüsusilə iqtisadiyyat, neft sənayesi, tirizm və digər sahələrdə əməkdaşlıq çoxdan mövcuddur.
Diplomatın bildirdiyinə görə, onun Azərbaycandakı fəaliyyətinin əsas prioritetləri iqtisadiyyat və neft sənayesi sahəsində münasibətlərin möhkəmləndirilməsidir.
"Ölkələrimiz arasındakı siyasi əlaqələr yüksək səviyyədədir. İqtisadiyyat, ticarət, neft, qaz, mal dövriyyəsi, dini turizm kimi digər sahələrdə də əlaqələrin inkişaf etdirilməsi vacibdir", - o deyib.
Azərbaycanın inşaat şirkətlərinin İraqın bərpasında iştirakının perspektivlərindən danışarkən səfir deyib ki, 2003-cü ildə İraqda baş verən hadisələrdən sonra ölkənin xarici investisiyalara ehtiyacı var.
"İraqda xarici investisiyalar bu ölkəyə sərmayə yatrımaq istəyən bütün ölkələr və şirkətlər üçün əlçatandır", - əl-Bərrak bildirib.
Səfirin sözlərinə görə, İraqın investisiyalar haqqında mövcud qanunvericiliyinə uyğun olaraq ölkəyə sərmayə yatırmaq istənilən investor üçün mümkündür.
"Bizim neft və qaz, səhiyyə, təhsil və s. sahələrdə investisiyalara ehtiyacımız var", - səfir deyib.
Diplomat İraq xarici işlər nazirinin Azərbaycana gözlənilən səfəri ilə bağlı bildirib ki, səfər ötən aya planlaşdırılmışdı, lakin ərəb dünyasında baş verən hadisələrlə əlaqədar təxirə salındı.
"Lakin səfərin hər halda yaxın vaxtlarda baş tutacağı gözlənilir", - əl-Bərrak bildirib.