...

Suriyada referendum nələri dəyişəcək?

Nəzər nöqtəsi Materials 17 Fevral 2012 09:00 (UTC +04:00)
Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri
Suriyada referendum nələri dəyişəcək?

Trend-i buradan izləyin

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Suriyada bir ilə yaxındır davam edən qanlı toqquşmalardan sonra rəsmi Dəməşq 26 fevralda ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün referendum keçirəcəyini elan etdi.

Əslində Suriyada keçiriləcək referendumda sadəcə 1973-cü il 31 yanvarda ölkə parlamenti tərəfindən qəbul edilən hazırkı konstitusiyanın 8-ci maddəsinin dəyişdiriləcəyi söylənilsə də, həmin maddə ilə yanaşı, bəzi maddələrə də əlavə və dəyişikliklər nəzərdə tutulur.

Suriya Konstitusiyasının 8-ci maddəsinə əsasən, BƏƏS ("ərəb dirçəlişi" millətçi-sosialist partiyası) dövlətin və xalqın idarəçisidir.

8-ci maddəyə aşağıdakı əlavələr referenduma çıxarılacaq:

1. Digər siyasi partiyalar ölkənin siyasi həyatında iştirak edə bilər və hakimiyyətdə təmsil olunma demokratik seçki yolu ilə həyata keçirilir.

2. Partiyalar seçkiqabağı icazəli aksiyalar keçirə bilər və bütün siyasi partiyalar ölkənin dəyərlərinə və demokratik qanunlarına hörmətlə yanaşmalıdırlar.

3. Siyasi partiyaların formalaşması üçün müddəalar və prosedurlar qanunla tənzimlənir.

4. Partiyaların siyasi fəaliyyətində dini və irqi ayrı-seçkiliyin aşılanması, siyasi fəaliyyətdə din və ya təriqət amilindən istifadə edilməsi yolverilməzdir.

5. Vəzifədən, dövlət büdcəsindən şəxsi və seçkiqabağı kampaniyalarda istifadə yolverilməzdir.

Bununla yanaşı, ölkə konstitusiyasının 2-ci maddəsinə də "Hakimiyyət xalqa məxsusdur və heç vaxt hər hansı bir fərd və ya qrup xalqın hakimiyyəti üzərində üstünlüyə malik ola bilməz" bəndinin əlavə edilməsi nəzərdə tutulub.

Bunlarla yanaşı, ölkə konstitusiyasının digər maddələrinə və bəndlərinə də əlavə və dəyişikliklər nəzərdə tutulub.
Bu dəyişikliklərdən ən önəmlisi isə konstitusiyada prezidentin yaş senzi ilə bağlı dəyişiklikdir. Yeni dəyişiklikdə prezidentliyə namizədin yaş senzi qaldırılıb və 40 yaş müəyyən edilib. Hazırda qüvvədə olan konstitusiyaya görə isə prezidentliyə namizədin yaş senzi 34 yaşdır.

Rəsmi Dəməşqin yeni konstitusiya üçün referendum qərarından sonra ölkə müxalifəti açıqlama verərək referendumda iştirak etməyəcəklərini və onun nəticələrini tanımayacaqlarını, Prezident Bəşşar Əsədin qatil olduğunu və tez bir zamanda hakimiyyətdən getməsini tələb etdilər.

Bir çox siyasi analitiklər ölkədə nisbətən də olsa stabilliyin bərqərar olması üçün referendumu labüd hesab etsələr də, toqquşmaların hələ də davam etməsi referendumun bir o qədər də effektiv olmayacağını söyləməyə əsas verir.

Digər bir tərəfdən isə, ümumiyyətlə, referendumun baş tutmayacağı ehtimalı var. Ən azından ona görə ki, yeni konstitusiya layihəsinin hazırlanmasında ölkə müxalifətindən heç kim iştirak etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti