...

Ankaranın "Suriya planı"

Nəzər nöqtəsi Materials 5 Mart 2012 14:45 (UTC +04:00)
Ankaranın "Suriya planı"
Ankaranın "Suriya planı"

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Rəsmi Dəməşqə ölkədə baş verən münaqişənin qarşısının alınması üçün bir sıra sanksiyalar tətbiq edilsə də, bu sanksiyalar demək olar ki, effekt vermədi, əskinə hakimiyyətlə müxalif qüvvələr arasındakı qarşıdurma daha geniş miqyas aldı.

Toqquşmaların başlandığı ilk gündən etibarən Suriya hakimiyyətinin tez bir zamanda devrilməyəcəyi bəlli idi. Çünki "ərəb baharının" baş tutduğu ölkələrdən fərqli olaraq, Suriya tam olaraq regionda öz təsirini nəyin bahasına olursa olsun qoruyub saxlamağa çalışan İranın təsiri altındadır.

Bəşşar Əsəd rejiminin ölkə müxalifətinin ciddi müqavimətinə sona qədər tab gətirə bilməyəcəyi də istisna edilmir.

Baş verənləri daha yaxından izlədikdə Suriyada əsas oyunçulardan birinin də Rusiya olduğu ortaya çıxır.

Lakin Ankaranın regionda yeritdiyi siyasət, xüsusən də Suriya müxalifətinə verdiyi dəstək onu söyləməyə əsas verir ki, Türkiyə Suriya hadisələrində siyasi aktivliyinə görə heç də İran və Rusiyadan geri qalmır.

Ankara ilkin mərhələdə tövsiyə və izləmə mövqeyi seçmişdisə, proseslərin gedişatı ilə Suriya hadisələrində daha aktiv rol oynamaq məcburiyyətində qaldı.

Ankaranın Suriya hadisələrində daha aktiv rol almasını sadəcə öz regionunda qeyri-stabil bir dövlətin olmasını istəməməsi ilə əlaqələndirmək bir o qədər də doğru olmazdı. Təbii ki, bu faktla yanaşı, Ankaranın regionda hakim olmaq və öz siyasi maraqlarını genişləndirmək istəyinin olduğu da istisna edilmir.

Çünki Türkiyə rəsmiləri Suriya böhranının həllinin ancaq Ankaranın əlində olduğunu yaxşı başa düşürlər. Buna görə də, böhranın həlli üçün hələ ki birbaşa hərbi müdaxilə deyil, müxalif qüvvələrin bu və ya digər şəkildə dəstəklənməsi və siyasi yol seçilib.

Məhz bu səbəbdən də Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu Suriyada baş verən son hadisələrə münasibət bildirərək, "biz Suriyada Yəmən modelinin olmasını, dövlət dağılmadan əvvəl hakimiyyətin xalqa təslim edilməsini istəyirik" dedi.

Keçən il noyabrın 23-də Yəmən Prezidenti Əli Abdullah Saleh Səudiyyə Ərəbistanında hakimiyyətin ötürülməsinə dair planı imzalayıb.

İlk baxışdan bu təklif böhranın həlli üçün ideal hesab edilsə də, Suriyada Yəmən modelinin baş tutması qeyri-mümkündür.

Çünki Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Yəməndə toqquşmaların "qarşısını" alan bu plan əslində qeyri-stabillikdən faydalanaraq ölkədə maraq dairəsini genişləndirən İrana qarşı atılan bir addım idi. Suriyada isə vəziyyət tam fərqlidir.

Suriyada vəziyyətin gedişatından asılı olaraq Ankara-Tehran münasibətlərində dəyişikliyin olacağı da istisna edilmir.

Hadisələri yaxından izlədikdə Suriya böhranının siyasi həll yollarının qalmadığını və yaxın zamanlarda hərbi müdaxilənin olacağını ehtimal etmək olar. Suriyada böhran öz həllini tapdıqdan sonra münaqişənin İranın regionda ən yaxın müttəfiqi olan Livana sıçrayacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti