...

Türkiyə "Kürdüstan" məsələsində seçim qarşısındadır

Nəzər nöqtəsi Materials 26 İyul 2012 13:56 (UTC +04:00)
Türkiyə "Kürdüstan" məsələsində seçim qarşısındadır
Türkiyə "Kürdüstan" məsələsində seçim qarşısındadır

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Suriya Prezidenti Bəşşar Əsədin ən yaxın silahdaşlarının qətlindən sonra Əsəd rejiminin süqutuna sayılı günlərin qaldığı barədə fikirlər söylənilsə də, Bəşşar Əsədin hakimiyyətdən tez gedəcəyi inandırıcı deyil.

Baş verən hadisədən sonra Suriyadakı "Müsəlman Qardaşlar" təşkilatının lideri Riyad Şafka keçirilən aksiyanı böyük zəfər adlandıraraq hakimiyyətə qarşı bundan sonra da belə aksiyaların keçiriləcəyini bildirdi.

Bütün bunlara baxmayaraq, Bəşşar Əsədin hakimiyyətini qoruması üçün bundan sonra sona qədər və bütün üsullardan istifadə edərək mübarizə aparacağını söyləmək olar.

Hətta ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Cihad əl-Maqdisi ölkəyə hərbi müdaxilə edilməyəcəyi təqdirdə Dəməşqin kimyəvi silahlardan istifadə etməyəcəyi barədə açıqlamada verdi. XİN rəsmisi onu da qeyd etdi ki, Suriyada olan kimyəvi silahlar etibarlı əllərdədir.

XİN rəsmisinin açıqlamasını diqqətlə izlədikdə hakimiyyətin qonşu dövlətlərə, xüsusən də Türkiyəyə mesaj verdiyini anlamaq olar.

Suriya daxilində toqquşmaların uzanması ilə ölkədə yeni "oyunçuların" meydana gəldiyinin şahidi olmaq olar. Əgər bu vaxta qədər hadisələrin mərkəzində hakimiyyətin simasında nizami ordu ilə Azad Suriya Ordusu idisə, son bir həftə ərzində Suriya daxilində PKK terror təşkilatının daha da aktiv hala gəldiyi görünür.

Belə ki, Suriyanın şimalındakı bəzi şəhərlərdən nizami ordunun çıxması ilə PKK yaraqlılarının bu şəhərlərdə nəzarəti ələ alması barədə məlumatlar var.

Hətta PKK terror təşkilatının Suriyadakı siyasi qolu hesab edilən, müxaliflərə bu vaxta qədər dəstək verməyən Demokratik Birlik Partiyasının (Partiya Yekitiya Demokrat) sədri Salih Müslim Fırat agentliyinə verdiyi açıqlamada xəbərlərin doğru olduğunu təsdiqlədi.

Müslim verdiyi açıqlamada onu da qeyd etdi ki, Suriyada ciddi siyasi xaos yaşanır, kürdlərin özlərini qoruma haqları, Türkiyədə isə kürdfobia var.

Maraqlı məqamlardan biri də Suriyadakı kürd siyasi partiyalarının alyansı hesab edilən Suriya Kürd Məclisinin (Meclisi Vatani Kurdi al Suriye) təmsilçisi Abdulhəmid Dərvişin də ölkədə kürdlərin hüquqlarının olduğunu bildirməsi oldu.

Dərviş verdiyi açıqlamada onu da bildirdi ki, Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu ilə görüşləri zamanı XİN rəsmisi ona kürdlərin öz haqlarına qovuşacağını bildirib.

Təbii ki, Suriyanın şimalındakı şəhərlərin kürdlərin nəzarətinə keçməsindən sonra buradakı siyasi durumu İraqın şimalındakı kürd administrasiyası ilə müqayisə etmək doğru olmazdı.

Çünki İraqdakı kürd administrasiyasından fərqli olaraq, Suriyadakı kürdlərin hələ ki bir o qədər də siyasi təcrübəsi yoxdur.

İyulun 26-da Türkiyədəki "Star" qəzetinin yazdığına görə, ölkənin Baş nazirinə təqdim edilən raportda Suriyanın şimalındakı bir çox şəhərlərin PKK nəzarəti altına keçdiyi bildirilir. Raportda o da qeyd olunur ki, bölgədəki Aynul Arab şəhərində kürd dili təlimi adı altında mərkəz fəaliyyət göstərir və bu mərkəzdə İraqın şimalındakı Qəndil dağlarındakı PKK yaraqlıları xüsusi təlim keçirlər.

Təbii ki, Suriyanın şimalındakı şəhərlərin PKK nəzarətinə keçməsi ilə burada yeni bir kürd dövlətinin yaranacağını söyləmək bir o qədər də doğru olmazdı.

Lakin bu, Ankara üçün ölkənin cənub-şərq sərhədlərində yaxın zamanda yeni problemin meydana çıxacağının göstəricisidir. Ankara isə Suriyadakı "Kürdüstan" məsələsində seçim qarşısındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti