Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri
Qəzzada baş verən gərginliyin fonunda İsrail ordusunun bölgədə genişmiqyaslı quru əməliyyatlarına başlayacağı gözlənilsə də, noyabrın 14-dən etibarən bölgədə başladılan hərbi əməliyyatlara dünən axşam saatlarında son qoyuldu.
İsrail ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində HƏMAS-ın "hərbi mühəndisi" hesab edilən Muhəmməd əl-Cəbərinin qətli ilə təşkilata böyük zərbə vurulduğu hesab edilir. Lakin ideoloji və hərbi təşkilatların liderlərə deyil, prinsiplərə bağlı olduğu nəzərə alsaq, əl-Cəbərinin qətlini HƏMAS üçün elə də ciddi itki hesab etmək olmaz.
Tərəflər arasında əldə edilən atəşkəsə gəlincə, nə fələstinlilər, nə də israillilər atəşkəsə birmənalı yanaşırlar.
Fələstinlilər atəşkəsin əldə edilməsini İslam müqavimətinin qələbəsi kimi qiymətləndirsələr də, İsrail tərəfi bu məsələdə fikir ayrılığındadır - bəzilərinə görə bu, İsraillin qələbəsi, bəzilərinə görə isə, ordunun uğursuz əməliyyatdır.
Əslində, İsrail ordusunun Qəzzaya yönəlik hərbi əməliyyatlarının xronologiyasına nəzər salınsa, həqiqətən də son hərbi əməliyyatların 2008-ci ilin sonunda aparılan əməliyyatdan daha uğursuz olduğunu görmək olar. Regionun ən müasir ordusuna sahib olan İsrailin son əməliyyatlarda gözlənilən uğuru əldə etməməyinin bir çox səbəbi var.
Ən başda gələn səbəblərdən biri regionda siyasi balansın dəyişməsidir. Digər səbəblərdən biri də hal-hazırda Misirdə vaxtilə İsrail dövlətinin ən yaxın müttəfiqi hesab edilən Hüsni Mübarəkin olmamasıdır ki, bu da İsrailin keçirdiyi əməliyyatların qarşısında olan əngəllərdən biridir.
Digər önəmli səbəblərdən biri İsrail ətrafında İordaniya istisna olmaqla, stabil bölgənin olmamasıdır.
Misirdə hakimiyyətdə İsrailin ən təhlükəli düşmən hesab etdiyi və HƏMAS-ın əsas güc mənbəyi sayılan "Müsəlman Qardaşlar"ın, Livanda "dövlət içində dövlət" hesab edilən "Hizbullah"ın olması, Suriyada isə qanlı toqquşmaların davam etməsi nəzərə alınsa, İsrailin ətrafındakı çənbərin daha da daraldığını söyləmək olar.
Bütün bunlarla yanaşı, Qəzzada keçirilən hərbi əməliyyatlar İsrail iqtisadiyyatına da təsirsiz ötüşmür. İsrailin "Yediot ahronot" qəzetinin verdiyi məlumata görə, ordunun Qəzzada keçirdiyi hərbi əməliyyatlar İsrailə gündəlik 380 milyon dollara başa gəlir. Bütün bunlarla yanaşı, o da qeyd olunur ki, Qəzzaya atılan bir raketə 40 min, bir pilotsuz təyyarənin bir saat uçuşuna isə 1500 ABŞ dolları sərf olunur.
İsrail və HƏMAS arasında əldə edilən atəşkəsin uzunmüddətli olmayacağı heç kimdə şübhə doğurmur.
Qəzzada keçirilən hərbi əməliyyatların fonunda ilk dəfə regionun ərəb dövlətlərinin rəsmi şəxlərinin və Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun bölgəyə səfəri HƏMAS-ın diplomatik qələbəsidir.