...

Diaspor rəhbəri: "Həmyerlilərimizin əsas problemi polyak dili ilə bağlıdır" (MÜSAHİBƏ)

Nəzər nöqtəsi Materials 28 İyun 2016 10:24
Fəaliyyətimizin əsas prinsipi bu gün Polşadakı azərbaycanlıların birliyini qoruyub saxlamaqdır.
Diaspor rəhbəri: "Həmyerlilərimizin əsas problemi polyak dili ilə bağlıdır" (MÜSAHİBƏ)

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədin Trend-ə müsahibəsi

- Polşada gənc diaspor rəhbəri kimi bu gün yaşadığınız ölkədə diaspor sahəsində hansı işləri görə bilmisiniz?

- Fəaliyyətimizin əsas prinsipi bu gün Polşadakı azərbaycanlıların birliyini qoruyub saxlamaqdır. Çünki birliyimiz olmasa gücümüz də, təsir effektimiz də olmaz. Bundan başqa, fəaliyyət istiqamətlərimizin əsas hissəsini Azərbaycanın mədəniyyətinin, musiqisinin, tarixinin köklü şəkildə təbliği təşkil edir.

Bu sahədə son fəaliyyətimizi diqqətinizə çatdırmaq istəyirəm. Polşada İkinci Dünya müharibəsi zamanı iki azərbaycanlı polyaklarla birlikdə qəhrəmancasına vuruşaraq həlak olub. Onlar polkovnik Vəli bəy Yadigar və Əvəz Verdiyevdir. Biz Polşadakı Azərbaycanlı Gənclər Şurası olaraq, bu iki qəhrəman haqqında polyak və ingilis dillərində kitabçalar hazırlayıb çap etdirdik. Və qısa zamanda kitabçaların Polşada paylanılmasına başlayacağıq.

Düşünürük ki, bu da Polşada Azərbaycanın təbliği işində yeni nəfəs olacaq. Qeyd edim ki, polkovnik Vəli bəy Yadigar haqqında səfirliyimiz tərəfindən sənədli film də çəkilib.

- Polşada yaşayan azərbaycanlıların bu gün əsas problemləri nələrdir?

- Hazırda ilkin problem Polşada yaşayan və yeni gələn soydaşlarımızın Polşa cəmiyyətinə inteqrasiyasındadır. Bunun da səbəbi həmyerlilərimizin polyak dilini lazımi səviyyədə bilməməsidir. Bununla bağlı biz Varşavada ödənişsiz polyak dili kursları təşkil etdik. Azərbaycanın Polşadakı səfirliyi bizə yer məsələsində çox köməklik göstərdilər.

- Bu yaxınlarda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Dünya Azərbaycanlılarının IV Qurultayına Polşadan diaspor rəhbəri qismində dəvət olunmuşdum. Ümumilikdə qurultay yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə Diasporla İş Üzrə Dövlət Komitəsinə dərin təşəkkürümü bildirirəm.

Dünya Azərbaycanlılarının IV Qurultayı xaricdəki Azərbaycan diasporunun inkişafına hesablanmış bir addım idi. Ölkə Prezidenti cənab İlham Əliyevin qurultayın açılışında bildirdiyi hədəflərə növbəti 5 ildə çatmağı qarşımıza əsas məqsəd qoymalıyıq və yeni inkişaf mexanizmləri üzərində ciddi şəkildə düşünməliyik.

Budəfəki qurultayın məhz cəbhədəki aprel hadisələrindən sonrakı dövrə təsadüf etməsi bu gün dünyadakı soydaşlarımız üzərinə düşən məsuliyyəti daha çox artırır. Çünki artıq bundan sonra təbliğat maşınını daha yaxşı işə salmalı, xaricdə Azərbaycan maraqlarını daha da əzmlə müdafiə etməliyik.

Həmçinin, bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 ili tamam olacaq. Qurultayın da bu ilə təsadüf etməsi dünya Azərbaycanlıları üçün ikiqat bayram və sevinc oldu.

Qurultayda keçirilən panel müzakirələrində mən də çıxış etdim, yeni idayalar və təkliflərimizi irəli sürdüm. Ümid edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən irəli sürdüyüm təkliflər daha da formalaşdırılıb obyektiv şəkildə həyata keçiriləcək.

- Bəs Polşadakı yerli QHT-lər və media ilə hansısa əlaqələr qura bilmisinizmi?

- Mən artıq neçə ildir ki Polşada yaşadığımdan Polşa mediası və ictimai sektoru ilə kifayət qədər əlaqəm var. Diasporumuzun və Azərbaycanımızın inkişafı yolunda bu əlaqələrimizdən lazımi qədər istifadə etmək imkanına malikik.

Onu da qeyd edim ki, Polşanın ən məşhur saytlarında, internet xəbər portallarında davamlı olaraq Azərbaycan haqqında, Dağlıq Qarabağ münaqişəsi haqqında, Azərbaycanda vaxtilə yaşamış polyak memarlar haqqında məqalələr dərc olunur ki, bu da öz növbəsində, informasiya mübarizəsində xaricdəki Azərbaycan diasporunun gücü deməkdir.

- Diaspor təşkilatı rəhbəri kimi Polşada gələcək planlarınız nələrdir?

- Var gücümüzlə çalışdığımız hədəf Dağlıq Qarabağ münaqişəsini Polşa parlamentinə müzakirəyə çıxarıb hüquqi qiymətin verilməsinə nail olmaqdır.

Bundan başqa, ölkələr arasında əlaqələrin sıxlaşmasına təkan vermək üçün Polşanın Lodz şəhəri ilə Azərbaycanın hansısa şəhəri və ya rayonunun qardaşlaşmış şəhər elan edilməsi üzərində çalışırıq. Əminik ki, əziyyətimiz yerdə qalmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti