...

Rusiyanın Ermənistanla birgə qoşun qruplaşmaları yaratması Azərbaycana təhdiddirmi?

Nəzər nöqtəsi Materials 14 Noyabr 2016 21:21 (UTC +04:00)
Rusiya ilə Ermənistan arasında birgə qoşun qruplaşmalarının yaradılması Azərbaycan üçün birbaşa heç bir təhdid yaratmır, sadəcə olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxara bilər.
Rusiyanın Ermənistanla birgə qoşun qruplaşmaları yaratması Azərbaycana təhdiddirmi?

Bakı. Elçin Mehdiyev - Trend:

“Rusiya ilə Ermənistan arasında birgə qoşun qruplaşmalarının yaradılması Azərbaycan üçün birbaşa heç bir təhdid yaratmır, sadəcə olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxara bilər”.

Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev Rusiya prezidenti Vladimir Putinin Ermənistanla birgə qoşun qruplaşmasının yaradılması ilə bağlı sazişi təsdiqləməsinə münasibət bildirərkən deyib.

A.Nağıyev bildirib ki, indiyə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiya ilə Ermənistan ərazisində ikitərəfli müqavilə mövcuddur:

“Bu müqavilə çərçivəsində Ermənistanın ərazisinə hər hansı təcavüz olarsa, Rusiya onu qorumalıdır. Çünki KTMT-nin əsas məqsədi bundan ibarətdir. Lakin bu gün birgə qoşun qruplaşmalarının yaradılmasının bir neçə səbəbi ola bilər. Birinci səbəb Rusiya-NATO sərhəddinin məhz Türkiyə-Ermənistan sərhəddindən keçməsidir. NATO-ya qarşı həm 102 saylı briqadanı, eyni zamanda İrəbuni aerodromu yaxınlığındakı qırıcı təyyarələrdən ibarət bazanı möhkəmləndirmək üçün silahların Ermənistana daşınması vacibdir və bu, Ermənistanla birgə qoşun qruplaşmaları yaratmaq vasitəsilə həyata keçirilir”.

A.Nağıyevin sözlərinə görə, birgə qoşun qruplaşmalarının yaradılmasının digər bir səbəbi o ola bilər ki, Rusiya Ermənistana verdiyi silahları leqallaşdırmaq üçün özünü sığortalayır: “Ən maraqlı məqam isə ondan ibarətdir ki, məhz Azərbaycan iri miqyaslı təlimlərə başladığı bir anda Rusiya rəhbərliyi belə bir addım atır. Düşünürəm ki, bu, Ermənistanın Rusiyanın forpostu olduğuna və guya onların birgə olduğuna dəlalət edən faktdır. Amma bütün hallarda bunun Azərbaycan üçün birbaşa təhlükəsi yoxdur. Azərbaycan olaraq biz bu cür təhdidlərə çoxdan hazırıq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə gəlincə isə, son aprel hadisələri də göstərdi ki, Rusiya bəzi məsələlərə qarışmır, çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir, bu, BMT-nin və digər beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapıb”.

Politoloq hesab edir ki, Dağlıq Qarabağda yenidən müharibə baş verəcəyi halda da birgə qoşun qruplaşmalarının bura cəlb edilməsi inandırıcı görünmür: “Birgə qoşun qruplaşmalarının yaradılmasında söhbət Ermənistan ərazisindən gedir, bizim isə Ermənistan ərazisinə hər hansı bir iddiamız yoxdur. Biz öz işğal olunmuş ərazilərimizdən danışırıq, beynəlxalq hüquq norması çərçivəsində təsdiq olunmuş suveren ərazilərimizdən. Biz öz ərazimizi işğaldan azad etmək üçün həm hərbi, həm də diplomatik yola əl ata bilərik. Heç vaxt nə KTMT-nin, nə də Rusiyanın bizə təcavüz etməyə ixtiyarı yoxdur və Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti