Azərbaycan, Bakı, 14 may /Trend, müxbir M.Əliyev/
"Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsi müstəqil Azərbaycanı və onun uğurlarını beynəlxalq müstəvidə təbliğ etmək baxımından önəmli vasitədir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Eurovision" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi Azərbaycan üçün böyük hadisədir. Cəfərov deyib ki, Azərbaycan mədəniyyəti güclü potensiala malikdir və son illər dövlətin bu sahəyə ciddi diqqət və qayğısı öz bəhrəsini verir.
"Ölkəmizin ötən il bu musiqi yarışmasında qalib gəlməsi o deməkdir ki, belə qələbələr üçün bizim bazamız və imkanlarımız var. "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsinə qarşı, bu müsabiqənin siyasiləşdirilməsi istiqamətində daxili və xarici dairələr tərəfindən edilən cəhdlər gülünc və mənasızdır. Bu cəhdlər bizim uğurumuza kölgə sala bilməyəcək", - komitə sədri vurğulayıb.