...

"Eurovision"a gələnlərin yerləşdirilməsi üçün gəmilər ayrılıb

Eurovision-2012 Materials 15 May 2012 10:59 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinə gələn şəxslərin yerləşdirilməsi üçün gəmilər də ayrılıb.
"Eurovision"a gələnlərin yerləşdirilməsi üçün gəmilər ayrılıb

Azərbaycan, Bakı, 15 may / Trend müxbir İ.İsabalayeva/

"Eurovision 2012" mahnı müsabiqəsinə gələn şəxslərin yerləşdirilməsi üçün gəmilər də ayrılıb. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bu məqsədlə üç gəmi ayrılıb.

"Həmin gəmilər sahildə - Yaxta Klubunun yanında dayanıb. Gəmilərdə kifayət qədər sayda qonaq yerləşdirmək mümkün olar. Hər gəmidə ən azı 100 nəfər yerləşdirmək mümkündür", - Bağırov əlavə edib.

AzTA sədri "Eurovision 2012" müsabiqəsinə gələn rəsmi nümayəndə heyətlərinin mehmanxanalarda yerləşdirilməsi prosesinin normal getdiyini deyib. O, bildirib ki, indiyədək mehmanxanalarda 5000-ə yaxın qonaq yerləşdirilib. Qonaqların yerləşdirilməsi üçün kifayət qədər əlavə yerlər də qalıb.

"Rəsmi nümayəndələrin demək olar ki, böyük hissəsi yerləşib. Hər şey normal qaydada, heç bir problem olmadan həyata keçirilir", - Bağırov əlavə edib.

O qeyd edib ki, mayın 13-dən etibarən rəsmi nümayəndələr üçün turlar da təşkil olunur. Bu gün bəzi rəsmi nümayəndələr Bakı-Şamaxı-Qəbələ marşrutu üzrə yola çıxıblar.

Qonaqların hamısının onlara göstərilən diqqət və xidmətdən razı olduğunu deyən AzTA sədrinin sözlərinə görə, qonaqlar üçün həm də gündə 2 dəfə Qobustana, gündə 2 dəfə Abşerona, gündə 1 dəfə isə Bakı-Şamaxı-Qəbələyə turlar təşkil olunur.

Bağırov bələdçilərlə bağlı problemin olmadığını qeyd edib. O bildirib ki, "Eurovision"a gəlmiş qonaqlara xidmət göstərmək üçün kifayət qədər bələdçi var.

"Mədəniyyət və Turizm Nazirliyinin treninqlərindən keçmiş və sertifikat almış bələdçilər var. Yalnız AzTA tərəfindən bu tədbirlərə 20-30 bələdçi cəlb olunub", - o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti