Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanın "Eurovision 2012" mahnısında muğamın yer alması barədə qərar gözlənilməz oldu. Bunu çərşənbə günü Trend-ə Azərbaycanın müsabiqədəki "When the Music Dies" mahnısında Səbinə Babayeva ilə duet oxuyacaq xalq artisti, xanəndə Alim Qasımov bildirib.
"Mən bunu gözləmirdim. Bu, muğamın qismətidir", - Qasımov deyib.
O qeyd edib ki, "When the Music Dies" mahnısının iki yerində muğam səslənir. "Mahnının disk yazısında muğam ifasını aşağı səslə veriblər. Canlı ifada isə daha yüksəkdən oxuyacağam", - o deyib.
Səbinə Babayeva ilə duet barədə danışan xanəndə bildirib ki, Azərbaycanın müsabiqə təmsilçisinin müxtəlif musiqi janrlarından, o cümlədən cazdan xəbəri var, musiqi duyumu əladır.
Alim Qasımov deyib ki, artıq final konsertindəki müsabiqədənkənar muğam ifalarının məşqləri bitib, mayın 17-dən isə Səbinə Babayeva ilə müsabiqə mahnısının məşqlərinə başlanılacaq.