Gürcüstan, Tbilisi, 17 yanvar / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstanın birləşmiş müxalifəti yanvarın 20-də saat 14.00-da prezident Mixail Saakaşvilinin andiçmə mərasimi zamanı etiraz aksiyası keçirəcək. Bu gün Gürcüstan Parlamentinin binasının qarşısında keçirilən brifinqdə birləşmiş müxalifətin adından danışan "Gürcüstanın Yolu" partiyasının lideri Salome Zurabişvili bildirib ki, onlar əhalini parlamentdən 10 kilometr aralıda yerləşən keçmiş cıdır meydanına keçiriləcək etiraz aksiyasına dəvət edirlər.
Saakaşvilinin andiçmə mərasimi Gürcüstan Parlamenti binasının qarşısında keçiriləcək. Sonra Gürcüstan Silahlı Qüvvələrinin paradı keçiriləcək.
"Biz Saakaşvilini qanuni prezident hesab etmirik və onun təsdiqlənməsinə qarşı çıxacağıq. Parad əksər əhali tərəfindən provakasiya kimi qəbul ediləcək və bu, vətəndaşların razılığına heç cürə səbəb ola bilməz", - Zurabişvili bildirib.
O, qeyd edib ki, müxalifət səslərin yenidən hesablanması və prezident seçkisinin ikinci turunun keçirilməsi üçün mübarizə aparacaqlar.