...

Dünyada onsuz da yetərincə münaqişə var, bizə daha birisi lazım deyil - Fransa prezidenti

Dünya xəbərləri Materials 2 Sentyabr 2008 01:14 (UTC +04:00)
Dünyada onsuz da yetərincə münaqişə var, bizə daha birisi lazım deyil - Fransa prezidenti

Azərbaycan, Bakı, 1 sentyabr / Trend müxbir İ.Sultanov/ Gürcüstan və Rusiya arasındakı münaqişənin bilavasitə Avropaya aidiyyatı olub. Ona görə də Avropa müvafiq suallara cavab vermək məcburiyyətində idi. Belə bir bəyanatla Brüsseldə Avropa Birliyinin sammitindən sonra keçirilən brifinqdə AB prezidenti və Fransa dövlətinin başçısı Nikolya Sarkozi çıxış edib. Onun fikrincə, Gürcüstanla Rusiya arasındakı problemin hərbi yolla həlli yoxdur. "Üstəlik bu problemin həllinin açarı NATO-da yoxdur. Cənab Saakaşvili bilir ki, Avropa ona siyasi və iqtisadi yardım göstərəcək. Lakin bu o demək deyil ki, bölgədə güc nümayiş etdirmək lazımdır. İndi soyuqqanlı yanaşmaya ehtiyac var. Əgər hər şey alınsa, AB öz effektivliyini nümayiş etdirmiş olacaq. Alınmasa isə qurumun 27 üzvü yenidən bir araya gələcək və başqa qərarlar qəbul ediləcək", - deyə o bildirib.

Fransa prezidenti hesab edir ki, gürcü-rus qarşıdurmasının həlli üçün sakitləşdirici tədbirlər görmək lazımdır. "Dünyada onsuz da yetərincə münaqişə var, bizə daha bir münaqişə lazım deyil", - deyə o vurğulayıb.

Sarkozi bir daha AB-nin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib: "Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkib hissəsidir. Bizdən soruşurdular ki, Kosovonun müstəqilliyini necə tanıdıq. Bağışlayın, amma bu olaydan öncə on il vaxt keçdi".

AB prezidenti həmçinin Gürcüstanda hakimiyyət dəyişikliyi ilə bağlı plana toxunub. "Güman ki, Saakaşvilinin devrilməsi ilə bağlı plan mövcud idi. Bununla bağlı öz fikrimi ifadə etdim və bildirdim ki, Gürcüstanda hakimiyyətin dəyişdirilməsi Rusiyanın işi deyil. Ona görə də atəşkəsin elan olunması o günlərdə çox önəmli idi", - deyə o vurğulayıb.

AB-nin Rusiyadan enerji asılılığına gəldikdə isə Sarkozi enerji mənbələrinin diversifikasiyasının vacibliyini önə çəkib. "Bu məsələdə Avropaya güclü institutlar lazımdır", - deyə o fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti