RBK - nın verdiyi xəbərə görə, Pakistan prezidenti Asif Əli Zərdari Qərb ölkələrini terrorçular ilə mübarizədə Pakistanın suverenliyini pozmamağa çağırıb. "Milli suverenliyimizin pozulması terrorçular tərəfindən təhlükənin azalmasına yardım göstərməyəcək. Əksinə, bu əks səmərə verə bilər", - deyə Zərdari Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı bildirib. Associated Press - in verdiyi xəbərə görə, Pakistan prezidenti qeyd edib ki, Pakistanın suverenliyinə etinasızlıq Qərb ölkələrinin mübarizə apardığı qüvvələri daha da möhkəmləndirir.
Dünən Amerika hərbçiləri ilə Pakistan sərhədçiləri arasında atışma baş verib. Hadisə Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhədlərin şərti müəyyən olunduğu ərazidə baş verib. Pakistanda hakimiyyət dəyişikliyindən sonra terrorçuluqla mübarizə üzrə əməkdaşlıq sahəsində İslamabad və Vaşinqton arasındakı münasibətlər gərginləşib. Ötən ay keçmiş prezident Pərviz Müşərrəfin istefa verdiyi gündən Amerika qoşunları döyüşçülərin mövqelərinə zərbə endirmək üçün Əfqanıstan ərazisindən bir neçə dəfə Pakistan sərhədlərini keçiblər. Bu hərəkət İslamabadda açıq şəkildə hiddətə səbəb olub. Pakistan prezidenti Zərdari bildirib ki, Pakistan xarici qoşunların onun ərazilərinə daxil olmasına qatlanmayacaq.