...

Türkiyə-Ermənistan münasibətlərinə həssas yanaşmaq olmaz – Türkiyə XİN rəhbəri

Dünya xəbərləri Materials 7 Aprel 2009 20:00 (UTC +04:00)
Türkiyə-Ermənistan münasibətlərinə həssas yanaşmaq olmaz – Türkiyə XİN rəhbəri

Türkiyənin xarici işlər naziri Əli Babacan İstanbulda düzənlənən mətbuat konfransında "Ermənistan-Türkiyə münasibətlərinin Azərbaycanla münasibətlərə nə dərəcədə təsir edəcək" sualını cavablandırırkən deyib ki, Ermənistan və Türkiyə danışıqlarına həssas yanaşmaq olmaz. TRT-2 telekanalı məlumat verib.

Türkiyə-Ermənistan əlaqələri 1993-cü ildən kəsilib. Buna səbəb Ermənistanın qondarma "erməni soyqırımı" ilə bağlı beynəlxalq arenada Türkiyə əleyhinə apardığı təbliğat və Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal olunmasıdır. Ermənistan Prezidenti Serj Sarkisyan ötən il sentyabrın 6-da Yerevana, futbol üzrə Dünya çempionatının seçmə mərhləsi çərçivəsində Ermənistan-Türkiyə oyununa türkiyəli həmkarı Abdulla Gülü dəvət edib. Gülün səfərindən sonra iki ölkə arasında əlaqələrin bərpa olunması üçün diplomatik səylər davam etdirilir.

Babacan deyib ki, Azərbaycan və Türkiyə xalqları bir-birindən ayrılmazdır və iki ölkə arasında əlaqələr əvvəlki səviyyədə inkişaf edəcək.

Ötən həftə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayınca Ermənistan-Türkiyə sərhədinin açılmasından söhbət belə gedə bilməz.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti