...

İran yolayrıcındadır – prezidentliyə namizəd

Dünya xəbərləri Materials 4 May 2009 10:37 (UTC +04:00)

İranın Məşvərət Şurasının üzvü və prezidentliyə namizəd Möhsün Rezai bu gün ilk mətbuat konfransını keçirib. Bu barədə "Fars" informasiya agentliyi xəbər verib. Rezai konfransda bildirib ki, İran xalqı hazırda yolayrıcındadır. "Biz hazırkı prezident Əhmədinejadın yolu ilə getsək, dalana dirənəcəyik. Keçmişə qayıtsaq (İslahatçılar hökumətinə) uduzacağıq. Ona görə mən namizədliyimi irəli sürürəm", - deyə Rezai bilidirib.

Rezai qeyd edib ki, İran sabit xarici siyasət yürütməlidir - nə olduqca passiv, nə də avanturist. "Mən İran İslam İnqilabı ideyalarına bağlıyam. Tərəfimizdən seçilən üçüncü yolda biz passiv olmayacağıq, lakin azadlıq da bizim dini prinsiplərimizdən yüksəkdə olmamalıdır", - deyə Rezai vurğulayıb.

O İran ilə region ölkələri arasında əməkdaşlığın yaradılması üçün bütün milli potensial imkanlardan istifadə etməyə hazırlaşdığını qeyd edib. "Mən milli azlıqların iştirakı ilə koalisiya hökuməti yaratmaq istəyirəm. Mən İranı sevirəm və millətlərarası fərq siyasətini düzgün hesab etmirəm", - deyə Rezai bildirib.

"Sepah" İslam İnqilabı Keşikçiləri Korpusunun (İnqilabi qvardiya) sabiq komandiri Möhsün Rezai (Mohsen Rezaee) prezident seçkilərində iştirak etmək üçün çərşənbə günü öz namizədliyini irəli sürüb. Rezai İranın Məşvərət Şurasının üzvü və Mühafizəkarlar düşərgəsindən olan ilk namizəddir. İranın hazırkı mühafizəkar-prezidenti Mahmud Əhmədinejad seçkiqabağı kampaniyaya başlayıb, lakin seçkilərdə iştirak üçün namizədliyini hələ təsdiq etməyib.

İndiyədək iyunun 12-də ölkədə keçiriləcək prezident seçkilərinə öz namizədliyini İslahatçılar düşərgəsindən Milli Etimad Parliyasının sədri, sabiq spiker Mehdi Karrubi və sabiq Baş nazir Mirhüseyn Musəvi irəli sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti