...

BMT Baş katibinin Beynəlxalq Ailə Gününə dair müraciəti

Dünya xəbərləri Materials 15 May 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend /

Bu il "Analar və ailələr: Dəyişməkdə olan dünyanın problemləri" mövzusu altında qeyd olunan Beynəlxalq Ailə Günü münasibətilə bütün dünyada ailə və cəmiyyət üçün anaların vacib rolu önə çəkiləcəkdir.           

Analar cəmiyyətlərin daha sıx birləşməsi və inteqrasiyasının təkanverici qüvvəsi olan ailədə zəruri rol oynayırlar. Ana-övlad münasibəti uşağın sağlam inkişafı üçün həyati əhəmiyyət kəsb edir. Eyni zamanda analar yalnız qayğı göstərməklə kifayətlənmir, onlar həm də öz ailələrini dolandırırlar. Bununla belə, qadınlar hələ də analıq baxımından çətin və bəzən həyatlarını təhlükədə qoyan problemlərlə qarşılaşırlar.

Bayrama səbəb olan uşağın dünyaya gətirilməsi inkişaf etməkdə olan ölkələrdə bir çox qadının həyatını təhlükə altına qoyur. Ana sağlamlığının yaxşılaşdırılması ən az irəliləyiş əldə edilmiş Minilliyin İnkişaf Məqsədidir. İnkişaf etmiş ölkələrlə müqayisədə ən az inkişaf etmiş ölkələrdəki qadınların doğuş və hamiləliklə əlaqədar ağırlaşmalardan vəfat etmə ehtimalı 300 dəfə çoxdur. Biz səhiyyə sistemində ailə planlaşdırılması xidmətlərini, doğuşlarda peşəkar tibb işçilərin iştirakını və təcili mamalıq xidmətlərini təmin etməklə hamiləlik və doğuşu daha təhlükəsiz etməliyik.

Qadınlara və onların içərisində çoxluq təşkil edən analara qarşı zorakılıq günümüzdə ən geniş yayılmış insan hüquqları pozuntusudur. Bunun olduqca ağır nəticələri var - qadın və qızların həyatlarını təhlükəyə atır, onların ailələrinə və cəmiyyətə zərbə vurur və cəmiyyətin strukturunu zədələyir. Qadınlara qarşı zorakılığın qarşısını almaq və ona son qoymaq bütün ölkələr üçün əsas prioritet olmalıdır.

Biz həmçinin bütün dünyada təhsilin əldə edilmə imkanlarını təmin etməliyik. Qadın və qızların təhsillə təmin edilməsi nəticəsində yalnız ayrı-ayrı ailələr deyil, bütövlükdə ölkələr faydalanır, beləliklə, qadınlar öz potensialı ilə daha geniş inkişafa töhfə vermiş olurlar. Statistika, eyni zamanda, göstərir ki, uşaqlarının davamlı olaraq məktəbə getməsini təmin edən analar əsasən təhsil almış analardır, deməli, təhsilin faydası nəsildən-nəslə ötürülür.

Bir halda ki, anaları onların qayğı göstərmək işində dəstəkləmək məqsədilə çalışırıq, biz ailələrə gərəkli ola biləcək qanun və xidmətləri genişləndirməli və inkişaf etdirməliyik, məsələn qadınların üzərinə düşən iş yükünü bir qədər azalda biləcək uşaq qayğı mərkəzlərinin yaradılması buna nümunə ola bilər. İş və ailə öhdəliklərini öz aralarında bərabər bölüşdürmək üçün həm qadının, həm də kişinin ictimai dəstəyə ehtiyacı var. Qadın və kişi bərabərliyi əsasında qurulan ailələr daha məhsuldar və davamlı cəmiyyətlərin yaranmasına səbəb olacaqlar.

Dəyişməkdə olan dünyamızda biz bir çox problemlərlə üzləşirik, lakin hər hansı vaxt ölçüsündən asılı olmayaraq, gələcək nəsillərin yetişdirilməsində anaların əvəzedilməz rolu dəyişməz bir amil olaraq qalır. Onların əməyini qiymətləndirməklə və həyat şəraitlərini yaxşılaşdırmaqla biz hamı üçün daha firavan gələcəyi təmin edə bilərik.

Xəbər lenti

Xəbər lenti