Fransa, Strasburq, 25 iyun / Trend , müxbir A.Məhərrəmli /
AŞ PA Ermənistan hökumətindən ölkədə seçki islahatlarının aparılmasını əsas prioritet olmasını tələb edir. Bu barədə qurumun cümə günü yaydığı yazılı bəyanatda bildirilir. Bəyanatda 19 iyunda qəbul edilən əfv fərmanı nəticəsində 2008-ci ilin mart hadisələri zamanı azadlıqdan məhrum edilmiş şəxslərin bir çoxunun azadlığa çıxması qeyd olunmaqla yanaşı, Ermənistandan digər mövcud olan problemlərin aradan qaldırılması tələb olunur.
"Ermənistan hökuməti 19 iyunda ümumi əfv fərmanı qəbul etməklə, Assambleyanın qəbul etdiyi 1643 saylı Qətnamədən irəli gələn əsas tələbə uyğun addım atıb və ötən ilin fevral ayındakı prezident seçkiləri nəticəsində ortaya çıxan siyasi böhranı aradan qaldırmaq istiqamətində siyasi iradə numayiş etdirib. Bununla belə, hələ də mövcud olan problemlərin aradan qaldırılması üçün Assambleya vəziyyətin inkişafını nəzarətdə saxlayacaq", - bəyanatda bildirilir.
Digər tərəfdən, bəyanatda AŞ PA-nın 2008-ci il mart hadisələri ilə bağlı araşdırmalar aparan mustəqil ekspertlərdən ibarət İşçi qrupunun işinin dayandırılması da təəssüflə qeyd edilir.
"AŞ PA hesab edir ki, bu hadisələri araşdırmaq üçün mustəqil və qərəzsiz təhqiqatın aparılması çox zəruridir və bu, İşçi qrupunun işinə xitam verilməsinə baxmayaraq, bir daha Ermənistan hökumətindən Assambleyanın qoyduğu meyarlar əsasında müstəqil təhqiqatın aparılmasını tələb edir", - bəyanatda qeyd olunur.
Bundan başqa, bəyanatda Ermənistanda insanların sərbəst toplaşması ədalətsiz olaraq hələ də məhdudlaşdırıldığından, Assambleya yenidən Ermənistan hökumətini əməldə sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmasını və sərbəst toplaşma azadlığı haqqındakı qanuna edilən dəyişikləri həyata keçirməyə dəvət edir.
Bundan əlavə, bəyanatda son bələdiyyə seçkiləri zamanı yüksək həcmdə saxtakarlıq faktlarının olması qeyd olunur və Ermənistanda seçkilər prosesi ilə bağlı ictimaiyyətdə etibarın çox aşağı səviyyədə olması göstərilir. Bununla da, AŞ PA Ermənistan hökumətindən ölkədə seçki islahatlarının aparılmasının əsas prioritet olmasını tələb edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]