İran beş atom elektrik stansiyasının tikintisini Yaponiyaya verməyə hazırdır. Bu barədə İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının rəhbəri Ələddin Brucerdi bildirib. Məlumatı dövlət xəbər agentliyi İRNA yayıb.
İran Parlamentinin nümayəndə heyətinin tərkibində Yaponiyaya rəsmi səfər edən Brucerdi yaponiyalı həmkarı ilə görüşüb.
Görüş zamanı o bildirib ki, İran Parlamentinin sədrinin fkirinə əsasən, Yaponiya ABŞ-dan asılı olmadan öz maraqlarına cavab verən qərarları qəbul etməlidir.
Brucerdi Yaponiyanın İranın ayrı-ayrı sahələrinə, həmçinin yüklərin nəqli, neft-qaz və LNG layihəsinin inkişafına sərmayə qoyması üçün imkan olmasını qeyd edib.
O əlavə edib ki, İran hökuməti yaxın 20 il ərzində 20 min meqavatlıq atom elektrik stansiyalarının inşasını planılaşdırır və Yaponiya həmçinin İranda atom elektrik stansiyasının inşasına sərmaye yatıra bilər.
Onun sözlərinə əsasən, atom stansiyaları İranın inkişafı və elektrik enerjisi istehsalı üçün inşa ediləcək.
"İranın stansiyaları inşa etdirməsində başqa məqsədləri yoxdur, - Brudceri bildirib. ABŞ və bəzi Qərb ölkələri İranın nüvə proqramına əsassız iddialar irəli sürürlər".
İran Parlamentinin spikeri Əli Laricanin rəhbərliyi ilə parlament nümayəndə heyəti fevralın 23- də Yaponiyaya dördgünlük səfər edib.