...

Obama Konqresə qondarma "erməni soyqırımı"ına dair qətnaməni qəbul etməməyi tövsiyə edir

Dünya xəbərləri Materials 4 Mart 2010 19:23 (UTC +04:00)

Prezident Barak Obama ABŞ Konqresinə qondarma "erməni soyqırımı"na dair qətnaməni qəbul etməməyi tövsiyə edir. Məlumatı CNN Turk yayıb.

"Soyqırım"a dair qətnamə cümə axşamı Konqresdə müzakirə olunacaq. "Erməni soyqırımı" haqqında qətnamənin müzakirəyə çıxarılması ideyasını ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri Hovard Berman irəli sürüb.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Eyni zamanda, ABŞ-ın dövlət katibi Hillari Klinton ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri ilə telefon danışığı zamanı deyib ki, qətnamənin qəbulu Ermənistan-Türkiyə protokollarını təhlükə altında qoyacaq.

Cümə axşamı mətbuat konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ı hazırkı məsələni nəzərdən keçirərək Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında əldə edilmiş tərəqqini təhlükə altına qoymamağa çağırıb.

"Hazırda ABŞ-ın iki yolu - Türkiyə-Ermənistan arasındakı əlaqələrdə və ümumilikdə, Cənubi Qafqazda əldə olunmuş tərəqqinin heçə endirilməsi yolu, yaxud regionda sülh prosesinə yardım etməkdə davam etmək yolu var. Biz ümid edirik ki, onlar ikinci yolu seçəcəklər", - Davudoğlu deyib.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd DavudoğluEdvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Xəbər lenti

Xəbər lenti