Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfər edəcəyini bildirib. Məlumatı CNN Turk telekanalı məlumat yayıb.
"Mənim ABŞ-a səfərimdən əvvəl Türkiyə səfiri Namiq Tan ora qayıdacaq", - Ərdoğan cümə günü jurnalistlərə deyib.
Türkiyə hökumətinin başçısı onu da bildirib ki, Prezident Barak Obama ilə görüşündə "erməni soyqırımı" məsələsini müzakirə edəcək.
Türkiyə Baş nazirinin səfəri aprelin 12-13-nə planlaşdırılıb. Ərdoğan Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak edəcək.
Bundan əvvəl xəbər verildiyi kimi, martın 4-də ABŞ Konqresinin Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı"na dair qətnamənin qəbulu ilə əlaqədar Ərdoğanın səfəri təxirə salınıb. Türkiyə etiraz əlaməti olaraq öz səfirini Vaşinqtondan geri çağırıb.