İran Prezidenti Mahmud Əhmədinejad Tehranda nüvə konfransının açılış mərasimindəki çıxışında nüvə silahsızlaşdırılması üzərində nəzarət üzrə beynəlxalq orqanın təşkil olunmasını təklif edib. Bu barədə IRINN telekanalının birbaşa efirində bildirib.
Əhmədinejad deyib ki, tammiqyaslı silahsızlaşdırma üçün beynəlxalq müstəqil qrup yaratmaq lazımdır ki, bu qrup fəaliyyət proqramını hazırlasın və onun icrası prosesinə nəzarət etsin.
O həmçinin nüvə silahına sahib, ondan istifadə və təhdid edən ölkələrin Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) üzvlüyünün dayandırılmasını, nüvə silahının yayılmaması haqqında müqaviləyə yenidən baxılmasını və BMT Təhlükəsilzik Şurası strukturunun dəyişdirilməsinə cəhd olunmasını təklif edib.
Şənbə günü Tehranda nüvə silahsızlaşdırılması üzrə beynəlxalq konfrans açılıb. "Dinc atom enerjisi hamıya, nüvə silahı heç kimə" devizi ilə keçirilən konfransda 70-dən çox ölkənin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Konfransı 300-ə yaxın iranlı və xarici jurnalist işıqlandırır.
Qarşıdakı diskussiyaların əsas mövsuzu nüvə silahsızlaşdırılması sahəsində mövcud problemlərin öyrənilməsi, ölkələrin kütləvi qırğın silahlarının tətbiq edilməməsi üzrə beynəlxalq öhdəlikləri, nüvə silahının istehsalına və istifadəsinə qadağa, nüvə silahına dini nöqteyi-nəzərdən baxılması olacaq.