İrana qarşı yeni sanksiyalar tətbiq olunarsa, Türkiyə, Braziliya və İran arasında Tehranda imzalanmış saziş ləğv olunacaq və İrandan uran çıxarılmayacaq. Bunu İran Parlamentinin vitse-spikeri Məhəmmədrza Bahünər deyib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
Bahünər əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvi və Almaniya (5+1 qrupu) İranla bağlı mövqelərində birləşiblər və çox yaxın zamanda İrana qarşı yeni sanksiyaların tətbiqi üçün dördüncü qətnaməni təsdiqləyəcəklər. "Hər bir qətnamənin davamında İran çoxlu ziyan və əlavə xərclərə məruz qalıb, lakin ümumilikdə İranın mənafeyi heç vaxt ziyan görməyib", - Bahünər deyib.