...

Əfqanıstan ordusu sürətlə inkişaf edir - general

Dünya xəbərləri Materials 1 Sentyabr 2010 18:32 (UTC +04:00)
Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri general Zahir Əzimi Trend-ə bildirib ki, Əfqanıstan ordusu sürətlə təlim keçir və inkişaf edir.
Əfqanıstan ordusu sürətlə inkişaf edir - general

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir D.Xatınoğlu/

Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri general Zahir Əzimi Trend-ə bildirib ki, Əfqanıstan ordusu sürətlə təlim keçir və inkişaf edir. "Biz inkişaf planından daha irəlidəyik", - general Əzimi telefonla Kabildən bildirib.

O bildirib ki, plana əsasən, 2011-cu ilin yanvarınadək 134 minlik milli ordu yaranmalı idi, lakin hazırda ordudakı hərbçilərin sayı 134 minə çatıb.

NATO-nun baş katibi Anders Foq Rasmussen sentyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib ki, 2014-cü ilədək Əfqanıstanın təhlükəsizliyinin tamamilə əfqan ordusuna tapşırılması planlaşdırılıb.

NATO hərbçilərinin Əfqanıstanda baş komandanı general Devid Petreus çərşənbə axşamı bildirib ki, Əfqanıstanda müəyyən regionların təhlükəsizliyinin tamamilə əfqan ordusuna təhvil verilməsi prosesi 2011-ci ildən başlayacaq. Petreus əfqan ordusunda təlimlərin keçirilməsinin və ordunun təchiz olunmasının vacibliyini vurğulayıb.

General Əziminin fikrincə, 2014-cü ilədək əfqan ordusu ölkədə təhlükəsizliyi bərpa etməyə nail olacaq. "Hazırda 134 minlik ordumuz var və ordunun həm keyfiyyəti, həm də kəmiyyətini artırmaq niyyətindəyik", - Əzimi bildirib.

2014-cü ildə NATO və ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması ilə bağlı fikirlər fərqlidir. Bundan əvvəl ABŞ generalı Ceyms Konvey NATO qüvvələrinin Əfqanıstandan çıxarılması ilə bağlı xəbərdarlıq etmişdi ki, bu addım "Taliban"a cəsarət verəcək.

NATO qüvvələrinin Əfqanıstandan çıxarılması əleyhinə olan ABŞ generalı Uilyam Keldvelin fikrincə, Əfqanıstan ordusunda hərbçilərin savadsızlığı və təlimlərin keçirilməsinin keyfiyyətinə nəzər saldıqda, milli ordunun ölkədə təhlükəsizliyi təmin edəcəyi ilə bağlı şübhə yaranır. Lakin general Əzimi bildirib ki, orduda 35 min savadlı milli hərbçi var və hazırda milli orduya daxil olmaq üçün savadlı olmaq şərtdir.

Xəbər lenti

Xəbər lenti