İranın xarici işlər naziri Mənuçöhr Müttəki bəzi Qərb ölkələri KİV-də ABŞ-ın İrana Tehran reaktoruna lazım olan yanacağın mübadiləsi ilə bağlı yeni təkliflər verdiyi haqqında yayılan məlumatları təkzib edib və deyib ki, bu kimi xəbərlərin yayımlanması "KİV-in oyunudur". Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
Məlumata əsasən, bəzi Qərb mediaları məlumat yayıblar ki, ABŞ uranın mübadiləsi ilə bağlı İrana yeni təklif verib. Yeni təklifdə ABŞ İrandan 120 kiloqramlıq 20 faiz zənginləşdirilmiş uran əvəzində ötən ildə razılaşdırılmış 1200 kiloqram əvəzinə 2000 kiloqram 3,5 faiz zənginləşdirilmiş uran təhvil almağı təklif edib.
Müttəki xəbərə münasibət bildirərək deyib ki, bu təklif heç bir məntiqə sığmır və bu barədə İran tərəfinə məlumat verilməyib . "Belə xəbərlərin yayılması KİV-in İrana qarşı təbliğat oyunudur", - Müttəki qeyd edib.
O əlavə edib ki, Tehran bəyənnaməsi yanacaq mübadiləsi üçün şərtlər və çərçivəni müəyyən edib. "Yanacaq mübadiləsini təklif edən Vyana qrupu çoxdandır ki, bu sahədə heç bir addım atmayıb. Əgər onlar mübadilə istəməzlərsə, İranın da belə bir mübadiləyə ehtiyacı yoxdur. İran nüvə proqramı ilə bağlı tutduğu yolu davam etdirir", - Müttəki deyib.
Uranın mübadiləsi haqqında üçtərəfli razılaşma 2010-cu il mayın 17-də İran, Türkiyə və Braziliya arasında əldə olunub. Bu ölkələrin XİN rəhbərləri Tehran elmi-tədqiqat reaktoru üçün Tehranın mövcud az zənginləşdirilmiş (3,5 faizədək) uranının yüksək zənginləşdirilmiş (20 faizədək) yanacaqla mübadiləsi üzrə razılaşma layihəsi imzalayıblar. Tehran bəyannaməsi kimi tanınan bu sənədə əsasən, mübadilə Türkiyə ərazisində həyata keçirilməlidir.
Tehran bəyannaməsinə əsasən, İran 1200 kq zəif uran təhvil verib, 120 kq 20 faizlik uran yanacağı təhvil almalı idi. Hazırda İran 2800 kq-dan çox zəif urana malikdir.
Noyabrın 10-da İran və 5+1 ölkələrinin (BMT TŞ-nin daimi üzvləri və Almaniya ) bir ildən sonra yeni dövr müzakirələri planlaşdırılıb. Müzakirələrdə 5+1 ölkələrini Avropa Birliyinin xarici siyasət üzrə naziri Katerin Marqaret Aşton (Catherine Margaret Ashton) təmsil edəcək.