Ehtimala görə hərbi xarakter daşıyan İranın nüvə proqramının inkişafını dayandırmağa yönəldilmiş sanksiyaların ləğvi üçün heç bir əsas yoxdur. Bu barədə ABŞ-ın BMT-dəki səfiri xanım Syuzan Rays ötən axşam Təhlükəsizlik Şurasının iclasından sonra bildirib. Məlumatı "The National"a istinadən "Tabnak" yayıb.
"Biz İran tərəfindən müvafiq qətnamənin mütəmadi olaraq pozulduğunu bilirik və mən İranın prinsipial olaraq öz hərəkətini dəyişməyəcəyi və nüvə proqramının yalnız sülh xarakteri daşıdığını sübut etmək üçün konstruktiv addımlar atmayacağı dövrə qədər İrana qarşı sanksiyaların ləğvi üçün perspektiv və heç bir əsas görmürəm", - Rays deyib.
Bundan əvvəl BƏƏ-nin xarici işlər naziri şeyx Abdullah bin Zaid Təhlükəsizlik Şurasını, iranlılar nüvə proqramının yalnız enerji istehsalına yönəldildiyini sübut edən kimi, İrana qarşı sanksiyaları ləğv etməyə çağırmışdı. Bu barədə rəsmi Tehran bəyanat verib.
ABŞ və digər Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahının hazırlanmasında ittiham edirlər. Tehran nüvə proqramının yalnız dinc xarakter daşıdığını bəyan edərək bütün ittihamları rədd edir. Bu günə qədər BMT-nin Təhlükəsizlik Şurası tərəfindən İranın nüvə proqramını dayandırmaq üçün altı qətmanə qəbul olunub, onlardan dördü İrana qarşı iqtisadi və siyasi sanksiyanı nəzərdə tutur, iki qətnamə isə xəbərdarlıq xarakteri daşıyır.