...

İran Prezidenti Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 14 Dekabr 2010 17:44 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün gələn həftə Türkiyəyə səfər edəcək. Məlumatı MEHR xəbər agentliyi yayıb.

Əhmədinejad ikigünlük səfəri zamanı təşkilatın sammitində iştirak etməklə yanaşı, Türkiyə rəsmiləri, eləcə də İƏT-ə üzv olan ölkələrin dövlət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

Dekabrın 20-21-də yüksək vəzifəli şəxslərin iclası keçiriləcək, dekabrın 22-də isə İƏT Nazirlər Şurasının 19-cu görüşü təşkil ediləcək. İclaslarda təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarından savayı, İƏT Katibliyinin və bir sıra beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər. İƏT-in bundan əvvəlki sammiti 2009-cu ilin martında Tehranda keçirilib.

İqtisadi Əməkdaşlıq Təşkilatı İran, Pakistan və Türkiyə tərəfindən 1985-ci ildə yaradılan İnkişaf üçün Regional Əməkdaşlıq Təşkilatının hüquqi varisi olan hökumətlərarası regional təşkilatdır. Təşkilatın tərkibinə Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da daxildir.

Xəbər lenti

Xəbər lenti