...

İranın Xobreqan Ekspertlər Məclisinə yeni sədr təyin edilib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 8 Mart 2011 12:34 (UTC +04:00)
İranın Xobreqan Ekspertlər Məclisinə ayətullah Məhəmmədrza Məhdəvi Kəni sədr seçilib. O, ayətullah Əli Əkbər Haşimi Rəfsəncanini əvəz edib.
İranın Xobreqan Ekspertlər Məclisinə yeni sədr təyin edilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 11:54-də dərc edilib)

İranın Xobreqan Ekspertlər Məclisinə ayətullah Məhəmmədrza Məhdəvi Kəni sədr seçilib. O, ayətullah Əli Əkbər Haşimi Rəfsəncanini əvəz edib. Bu barədə Trend İranın FARS Xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Xobreqan Ekspertlər Məclisinin çərşənbə axşamı keçirilən iclasında növbəti 2 ilə sədr seçimi üçün səsvermə keçirilib və ayətullah Məhdəvi Kəni 63 səs lehinə olmaqla, bu vəzifəyə təyin edilib.

Məhəmmədrza Məhdəvi Kəni 1931-ci ildə Tehran yaxınlığında yerləşən Kən kəndində anadan olub. O, İran İslam İnqilabından sonra "İnqilab Şurası"nı təşkil edən 5 əsas ruhanidən biridir. Kəni Rəcayi hökuməti dövründə daxili işlər naziri, o öldürüldükdən sonra müvəqqəti baş nazir vəzifələrində çalışıb. Ayətullah Məhdəvi Kəni həmçinin Xobreqan Ekspertlər Məclisinin üzvü və Üsulgəra (Mühafizəkarlar) düşərgəsinin ən əhəmiyyətli partiyalarından olan Mübariz Ruhanilər Cəmiyyətinin baş katibidir.

Xobreqan Ekspertlər Məclisinin 86 üzvü var. Bu məclis adətən hər 6 aydan bir iclas təşkil edir və hər iki ildən bir Rəyasət Heyəti nəseçkilər keçirir. Rəyasət Heyətinin tərkibində sədr, birinci müavin, ikinci müavin və Rəyasət Heyətinin iki katibi seçilir.

2007-ci ildə Xobreqan Ekspertlər Məclisinin sabiq sədri ayətullah Meşkini vəfat etdikdən sonra bu məclisə sabiq prezident və Məsləhət Şurasının sədri ayətullah Əli Əkbər Haşimi Rəfsəncani sədr seçildi.

Ayətullah Haşimi Rəfsəncani ilə Əhmədinejad hökuməti arasında fikir ayrılıqları mövcuddur. 2007-ci ildə Haşimi Rəfsəncani Əhmədinejad tərəfdarlarının etirazına baxmayaraq, Xobreqan Ekspertlər Məclisinin sədri seçildi.

Son günlərdə Ekspertlər Məclisinin iclasının yaxınlaşması ilə əlaqədar hökumətə yaxın KİV-lər ayətullah Rəfsəncaninin digər şəxslə əvəz olunması zərurəti barədə məlumatlar dərc ediblər. Ayətullah Haşimi Rəfsəncani də bugünkü iclasın əvvəlində çıxışı zamanı bildirib ki, əgər Məhdəvi Kəni sədrlik üçün namizədliyini irəli sürərsə, onu dəstəkləyəcək və onun xeyrinə geri çəkiləcək.

İran Konstitusiyasının 107-ci maddəsinə əsasən, Xobreqan Ekspertlər Məclisinin əsas vəzifəsi ayətullah Ruhullah Xomeyninin vəfatından sonra İslam Respublikasına Ali Rəhbər seçmək dir.

Bu maddənin tələbinə görə, Ali Rəhbər vəfat edərsə, işindən uzaqlaşarsa və ya üzərinə götürdüyü öhdəliyi həyata keçirə bilməzsə, Xobreqan Ekspertlər Məclisinin üzvləri "Şərtləri özündə toplayan fəqihlər" arasından onun yerinə şəxs seçməlidirlər.

Xəbər lenti

Xəbər lenti