...

Türkiyədə razılaşdırılmış matçlarla bağlı daha iki futbolçu saxlanılıb

Dünya xəbərləri Materials 12 İyul 2011 10:47 (UTC +04:00)
Çərşənbə axşamı iki türkiyəli futbolçu İbrahim Akın və İsgəndər Alın razılaşdırılmış matçların təşkili ilə bağlı iş üzrə saxlanılıblar.
Türkiyədə razılaşdırılmış matçlarla bağlı daha iki futbolçu saxlanılıb

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Çərşənbə axşamı iki türkiyəli futbolçu İbrahim Akın və İsgəndər Alın razılaşdırılmış matçların təşkili ilə bağlı iş üzrə saxlanılıblar. Məlumatı Haber Turk Sport yayıb.

Trend-in məlumatına görə, bundan əvvəl həmin iş üzrə Türkiyənin "Trabzonspor" futbol klubunun prezidenti Sədri Şener və Türkiyə Futbol Federasiyasının milli yığmaya görə məsul işçisi, idarə heyəti şurasının üzvü Levent Kızıl da saxlanılıblar.

Ötən bazar razılaşdırılmış oyunlara görə işlə bağlı saxlanılan Türkiyənin "Fənərbağça" futbol klubunun prezidenti Əziz Yıldırım elə həmin gün məhkəmənin qərarı ilə həbs edilib. Polis əməliyyatı ötən bazar səhər tezdən eyni vaxtda Türkiyənin 12 vilayətində, eləcə də İstanbulda və Ankarada aparılıb.

Türk telekanallarının məlumatına görə, "Fənərbağça"nın prezidenti 2010-2011-ci il mövsümündə İstanbul klubu ilə "Əskişəhərspor" komandası arasında keçirilən və "Fənərbağça"nın 3:1 hesabı ilə qalib gəldiyi razılaşdırılmış oyunla bağlı işin araşdırılması çərçivəsində saxlanılıb.

Türkiyə KİV saxlanılanların sayının yaxın vaxtlarda arta biləcəyini istisna etmir. Hətta rəqəmlər açıqlanır - 150 nəfər. Lakin rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləmir.

Bu, türk polisinin futbolda korrupsiyaya qarşı həyata keçirdiyi ikinci iri əməliyyatdır. "Hürriyyət" qəzetinin internet saytı xatırladır ki, 2010-cu ilin mart-aprelində aralarında Türkiyənin məşhur məşqçilərinin və futbolçularının olduqları 55 nəfər gözaltına alınmışdı.

Xəbər lenti

Xəbər lenti