...

Türkmənistan BMT BA-da Xəzər regionunun təhlükəsizliyi ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edəcək

Dünya xəbərləri Materials 17 Avqust 2011 13:34 (UTC +04:00)
Türkmənistan BMT Baş Assambleyasının qarşıdakı 66-cı sessiyasında Orta Asiya və Xəzər hövzəsi regionunda təhlükəsizlik məsələləri ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edəcək.
Türkmənistan BMT BA-da Xəzər regionunun təhlükəsizliyi ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edəcək

Türkmənistan, Aşqabad, 17 avqust /Trend, müxbir H.Həsənov/

Türkmənistan BMT Baş Assambleyasının qarşıdakı 66-cı sessiyasında Orta Asiya və Xəzər hövzəsi regionunda təhlükəsizlik məsələləri ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edəcək. Trend-in məlumatına görə, bu barədə ölkə XİN-in çərşənbə günü yerli mətbuatda dərc olunmuş məlumatında deyilir. Baş Assambleyanın növbəti sessiyası 2011-ci il sentyabrın 13-də Nyu-Yorkda BMT-nin mənzil-qərargahında açılacaq.

"Türkmənistan qlobal təhlükəsizliyin dəstəklənməsi üçün regional və regionlararası inkişaf çərçivəsində fəaliyyətin birləşdirilməsinin vacibliyini diqqətə alaraq BMT Baş Assambleyasının qarşıdakı 66-cı sessiyasında Orta Asiya və Xəzər hövzəsi regionunda təhlükəsizlik məsələləri ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edəcək", - məlumatda deyilir.

Ötən ilin yayında Orta Asiya regionunda və Xəzəryanı dövlətlərdə tərksilah məsələlərinə həsr olunmuş beynəlxalq forum keçirilib. Bundan əlavə, BMT BA-nın bundan əvvəlki 65-ci sessiyasında rəsmi Aşqabad Orta Asiya və Xəzər hövzəsində təhlükəsizlik, sülh və əməkdaşlıq üzrə yüksək səviyyədə forumun təsis edilməsini təklif edib.

XİN-in məlumatında bildirilir ki, "dünyadakı müasir ekoloji vəziyyət şəraitində beynəlxalq birliyin əsas vəzifəsi qlobal maliyyə böhranının mənfi nəticələrinin aradan qaldırılması və gələcəkdə dünya iqtisadiyyatının başlıca inkişaf istiqamətlərinin müəyyən edilməsi üzrə təsirli mexanizmlərin hazırlanmasıdır".

Türkmənistan "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin, eləcə də "Orta Asiya-Fars körfəzi" kommunikasiya şəbəkələrinin imkanlarının artırılması və Xəzər-Qara dəniz regionunda nəqliyyat əlaqəsinin inkişafını öz siyasətinin prioritet istiqamətləri hesab edir.

Türkmənistanın Baş Assambleyanın 66-cı sessiyası çərçivəsində dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istədiyi daha bir məsələ ekologiya problemidir. Buraya Aral dənizinin problemi və Xəzər hövzəsinin ətraf mühitinin qorunması daxildir. Aşqabad iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həlli üzrə BMT Regionlararası Mərkəzinin yaradılmasını təklif edir.

Xəbər lenti

Xəbər lenti