Azərbaycan, Bakı, 19 yanvar /Trend müxbir A.Tağıyeva/
Tailand Fələstini 1967-ci ildəki sərhədləri çərçivəsində müstəqil dövlət qismində rəsmən tanıyıb. Trend-in Fələstinin Maan informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bəyan edib.
Əl-Malikinin sözlərinə görə, Fələstin və Tailand arasında ikitərəfli münasibətlərin qurulması və Krallığın paytaxtı Banqkokda səfirliyin açılması haqqında danışıqlar aparılır.
Fələstin Muxtariyyəti əvvəllər YUNESKO-nun bərabərhüquqlu üzvü seçilib. Bu, bir sıra Qərb ölkələrinin ciddi müqavimətinə səbəb oldu və YUNESKO-nu özü üçün problemlər yaratdı. YUNESKO ABŞ, Kanada və İsrailin təşkilatı maliyyələşdirməkdən imtina etməsindən sonra bir sıra proqramları bağlamağa və büdcəni azaltmağa məcbur oldu.
Fələstinin müstəqilliyi 1988-ci il noyabrın 15-də elan edilib, bununla belə Fələstin Milli Administrasiyası yalnız 1994-cü ildən mövcuddur. Hazırda Fələstini 99 dövlət, o cümlədən BMT TŞ-nin iki daimi üzvü Rusiya və Çin tanıyıb.